►Rövşən Rzayev: “Allah bilir, hansı hesablardır, nə məsələlərdir, bunu da ermənilər uğurla istifadə edirlər. Mən o işin canlı şahidiyəm, orda elə bir problem yaşandığını görməmişəm”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev İtaliya mətbuatının iddialarına belə münasibət bildirir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Il Fatto Quotidiano və La Provincia qəzetlərinin yazdığına görə, Azərbaycan hökuməti 2013-cü ildə AŞPA-nın sədr müavini Luka Volonteyə təxminən 2 milyon 400 min avro rüşvət verib.
Bunun nəticəsində deputat Christoph Ştrasserin Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabatı qəbul edilməyib.
İndi Luka Volonteyə ölkəsində bu işə görə cinayət işi açıldığı bildirilir.
Prokurorların ittihamında deyilir ki, bu rüşvət Azərbaycandakı «Baktelekom» MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın «Polux Management LP» və Estoniyanın «Danske Bank»ı iştirak edib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidovun və adı “vasitəçilərdən biri” kimi hallanan Elxan Süleymanovun telefonlarına günboyu zəng çatmadığından Rövşən Rzayevlə danışdıq.
– Başdan ayağa cəfəngiyatdır. Başdan ayağa yalandır. Bunların hamısı Ermənistanın xüsusi xidmət orqanlarının əməyi və fəaliyyəti nəticəsindədir. Özüm AŞPA nümayəndə heyətinin üzvüyəm. Ştrasserin hesabatı müzakirə olunarkən böyük gərginlik yaşanmışdı. Bu gərginlik nəticəsində də AŞPA-nın hesabatı Ştrasserin əleyhinə çıxdı. Orda elə hücum yoxuydu və ya heç ehtiyac yoxuydu ki, kiməsə o qədər məbləğdə rüşvət verəsən. Uydurmadır.
– Ancaq İtaliyada AŞPA-nın sədr müavininə məhz buna görə cinayət işi açıldığı bildirilir. Üstəlik də pul köçürmələri ilə bağlı konkret ünvan göstərilir.
– Allah bilir, hansı hesablardır, nə məsələlərdir, bunu da ermənilər uğurla istifadə edirlər. Mən o işin canlı şahidiyəm, orda elə bir problem yaşandığını görməmişəm.
– Dediniz ki, Allah bilir nə hesablardır? Azərbaycan hökuməti həmin deputata bir başqa məsələ üçün pul köçürə bilərdimi?
– Yox, Azərbaycan hökuməti pul köçürə bilməzdi. Çünki heç bir ehtiyac yox idi. Ehtiyac olsaydı, mən sizə deyərdim, bəli, filan məsələdə belə hal baş verib. Nə var, onu deməyə həmişə hazıram. Canlı şahidəm, gözəl bilirəm ki, ehtiyac yox idi.
– Rüşvət verməyə yəni ehtiyac yox idi?
– Bəli, bəli. Bunlar mənasız söhbətdi.
– Amma cinayət işi açılıb.
– Orda nə baş verib Allah bilir, deyə bilmərəm. Mən deyirəm ki, ona ehtiyac olmayıb. Uydurmadır.
2013-2014-cü illər Azərbaycanda vətəndaş cəmiyyəti, siyasi və gənc fəalların, jurnalistlərin, hüquq müdafiəçilərinin həbsi ilə yadda qalıb. O zaman bir sıra fəallar ölkəni tərk etməyə və ya fəaliyyətini dondurmağa məcbur qaldı. Çoxsaylı tənqidlərdən sonra yalnız bu ilin yazında bəzi siyasi məhbuslar ya əfv sərəncamı, ya da məhkəmənin qərarı ilə şərti azadlığa buraxılıb.
2013-cü ildə Ştrasserin hesabatının qəbul edilməməsi tənqid və təəccüblə qarşılanmışdı. O zaman da hakimiyyətin rüşvət verməsi haqda təsdiqini tapmayan məlumatlar dolaşmaqda idi.
DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Uşaqlar niyə intihar edir?
Sizin brauzer HTML5-i dəstəkləmir