Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Ukraynadakı müharibəsini dayandırmaq üçün “hər şeyi etməyi” vəd edir. Makronun daha öncə Moskvayla bağlı mövqeyi Kiyevi, Avropa müttəfiqlərini narahat etmişdi.
Makron iyunun 14-də axşam NATO-nun cənub qanadına və Moldovaya üçgünlük səfəri çərçivəsində Rumıniyaya gedib. Onun son zamanlar Ukraynanı daha az dəstəkləyən kimi görünməsi Kiyevin, şərqi Avropa müttəfiqlərinin tənqidinə səbəb olmuşdu.
Buna da bax: Rusiyanın Severodonetsk ultimatumuna əməl olunmurKiyevə səfər gözlənir
“Rusiyanın hərbi qüvvələrinin dayandırılması, ukraynalılara və ordusuna kömək, danışıqların davam etməsi üçün hər şeyi edəcəyik”, – Makron Rumıniyanın Konstanta Qara dəniz limanı yaxınlığındakı Kogalnikeanuda NATO hərbi bazasında deyib.
Makron iyunun 15-də axşam Moldovanın paytaxtı Kişinauya gedərək ölkənin qərbpərəst prezidenti Maya Sandu ilə məsləhətləşmələr aparacaq. Təsdiqlənməmiş media məlumatlarına görə, o daha sonra iyunun 16-da Kiyevə yollanacaq. Həmin səfərdə Almaniya Kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus Yohannisin də olacağı deyilir.
“Ukraynanı dəstəkləməliyik”, – Makron iyunun 15-də Yohannislə birgə mətbuat konfransında deyib.
“Fransa ilk gündən Rusiyanın təcavüzkar olduğunu aydın şəkildə deyib”, – Makron bildirib. O əvvəl dəfələrlə deyib ki, münaqişənin sona çatmasını hədəfləyən diplomatik səylərdə Rusiyanı alçaltmaq olmaz.
Buna da bax: Mariupol ‘məzarlığı’“Rusiya ilə müharibə aparmırıq”
“Ancaq ayıq başla deməliyik: biz Rusiya ilə müharibə aparmırıq”, – işğal başlayandan Kremllə kommunikasiya kanallarını açıq saxlayan Makron deyib.
“Ukrayna prezidenti və onun rəsmiləri Rusiya ilə danışıq aparmalı olacaqlar”, – o vurğulayıb.
Fransa NATO-nun Rumıniyadakı 800 hərbçidən ibarət döyüş qrupuna liderlik edir, onlardan 500-ü fransalı əsgərlərdir, bu ölkədə yer-hava tipli raket sistemi də yerləşdirib.
Bu günlərdə Avropa Komissiyası Ukraynanın Aİ-yə namizəd statusuyla bağlı tövsiyəsini açıqlamalıdır.
Aİ-nin bir neçə üzvü, o cümlədən Fransa Ukraynanın 27 üzvdən ibarət bloka namizədliyinə skeptik yanaşır.