Əliyev Makrona 'Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını' deyib

Azərbaycan və Fransa prezidentləri İlham Əliyev (sol) və Emmanuel Makron, Paris, 20 iyul 2018

Azərbaycan və Fransa prezidentlərinin baş tutan telefon söhbətində Laçın yolundakı vəziyyətin və Azərbyacanla Ermənista arasındakı münasibətlərin müzakirə edildiyi vurğulanır

Fransa və Azərbaycan prezidentləri arasında telefon danışığı olub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Zəngin Emmanuel Makron tərəfindən edildiyi bildirilir.

Qeyd olunur ki, söhbət zamanı Fransa prezidenti Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Buna da bax: Lavrov: Bu nə sülhməramlıların, nə də Azərbaycanın təqsirindən baş verib...

Məlumatda vurğulanır ki, İlham Əliyev Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə ciddi zərər vurulmasına etiraz etdiklərini xatırladıb.

Əliyev həm də Laçın yolundan mülki və humanitar məqsədlər üçün istifadədə maneənin olmadığını və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.

Həmçinin məlumatda vurğulanır ki, Əliyev fransalı həmkarına 8 Azərbaycan kəndinin hələ də işğal altında olduğunu deyib:

"Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib"

(1992-ci ildə Azərbaycanın Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal olunub. Bu kəndlərdən üçü - Sofulu, Barxudarlı və Yuxarı Əskipara, bundan başqa Kərki kəndi Azərbaycanın Ermənistan ərazisindəki anklavlarıdır.)

Buna da bax: Paşinyan Qazaxın kəndlərini qaytarmaq istəmir? (Video)

Məlumatda qeyd edilir ki, Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Mətbuat xidmətinin məlumatında o da qeyd olunur ki, "İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb".

Makron Bakını “Laçın dəhliziylə azad hərəkətə icazə verməyə” çağırıb. Fransanın telefon zəngi haqda yaydığı xəbərdə deyilir ki, Əliyev belə bir “niyyəti” olduğunu deyib.

Laçın yolunda yaşananlar…

Dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın yolunun Şuşa şəhərinin yanından keçən hissəsində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Buna da bax: Naxçıvanda səlahiyyətlər toqquşurmu?

Etirazçıların sözlərinə görə, yolu onlar yox, Rusiya sülhməramlıları bağlayıblar və bundan başqa humanitar və təcili tibbi yardım maşınlarının yoldan keçməsinə də aksiya iştirakçıları heç bir maneə yaratmırlar.

Azərbaycanın Ekologiya və Təbi Sərvətlər nazirliyi ilə İqtisadiyyat nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, 3 dəfə (3, 7, 10 dekabr 2022) Rusiya sülhməramlılarına müraciət edilərək Azərbaycanın razılığı olmadan, qanunnsuz istismar edilən qızıl və mis mədənlərində monitorinq keçirmək istəyib.

Nazirliklərin yaydığı rəsmi məlumatlarda vurğulandığına görə, hər dəfə yerli sakinlərin təxribatları nəticəsində bu monitorinqlər baş tutmayıb.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edir.

Elə keçirilən aksiyada da əsas tələb Qarabağdakı qızıl və mis yataqlarında monitorinq aparılması ilə bağlıdır.

Qarabağdakı separatçı rejimin nümayəndələri isə baş verənləri ‘ekoloji yox, siyasi məsələ’ hesab edirlər. Həm də Laçın yolunun açılması ilə bağlı Azərbaycan və Rusiya sülməramlıları arasında aparılan dnışıqlarda iştirak etmədiklərini bildirirlər.

Buna da bax: Moskva Paşinyanın Laçın dəhlizinə görə tənqidinə cavab verdi

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buna da bax: Azərbaycan və Ermənistan hansı əraziləri dəyiş-düyüş edə bilər?