“Manatın güclənməsi müvəqqətidir və milli valyuta tezliklə qiymətdən düşəcək”.
İqtisadçı Natiq Cəfərli manatın nisbətən bahalaşmasını şərh edərkən belə deyib.
Ekspert bildirib ki, dünyanın başqa maliyyə bazarlarında dolların ucuzlaşması ABŞ-ın daxili problemləri ilə bağlı olsa da, Azərbaycanda inzibati qərarlarla əlaqədardır.
Buna da bax: Əksər ekspertlərin proqnozu özünü doğrultdu
“Manatın güclənməsinin iqtisadi əsasları yoxdur. Ölkə idxaldan asılıdır. Azərbaycan dolları yalnız SOCAR sayəsində alır”, deyə o bildirib.
İqtisadçı hesab edir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinin sərtləşməsinin nəticəsidir. Pul kütləsi azalıb, manat qıtlığı yaradılıb. AMB depozit hərraclarında manat toplayır.
N.Cəfərli qeyd edib ki, fevralın ikinci yarısından büdcə xərcləri başlayacaq və manat həcmi artacaq. Üstəlik, martda 9 gün qeyri-iş günü olacaq, çoxları xaricə gedəcək. İqtisadçının fikrincə, bu, xarici valyutaya tələbatı artıracaq.
Buna da bax: 'Dollar bahalaşmaqda davam edəcək'
Manatın məzənnəsi 2016-cı ilin oktyabrından başlayaraq düşürdü, fevralın əvvəlində cüzi möhkəmlənmə olub.
Hazırda dolların rəsmi məzənnəsi 1,9111 manatdır. Banklar dolları əhalidən 1,86-1,88 manata alıb 1,92-1,93 manata satır..