►Manat son həftələr dollar qarşısında möhkəmlənir
Martın 11-dən bəri manat dollar qarşısında dəyərini artırır.
Bu dövrdə gözlər ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) 29 mart toplantısına yönəlmişdi.
Toplantıda gözlənilən qərar çıxdı, yəni faiz artımı olmadı. Mütəxəssislərin fikrincə, manatın dəyər qazanmasında istər FES-in faiz artırmaması, istərsə neftin qiymətinin nisbi sabitliyi bəlli rol oynadı. Bununla belə, bəzi ekspertlər milli valyutanın möhkəmlənməsində iqtisadi əsasın olmadığını düşünür. Sual yaranır: Bu halda manat nədən möhkəmlənir və bu proses nə vaxtadək davam edəcək?
İqtisadçı ekspert Nicat Hacızadə öncəliklə cəmiyyətin manata inamsızlığına diqqət çəkir:
“Təbii, bunu formalaşdıran obyektiv və subyektiv amillər var. İlk növbədə subyektiv səbəblərə toxunsaq, cəmiyyətə təsir edən bir sıra insan faktoru var ki, yanlış proqnozlarla əhalinin pul idarəetmə sxemini pozur. Manatın üzən məzənnə sisteminə keçdiyini nəzərə alsaq, onun dəyəri nəzəri baxımdan tələb-təklif əsasında formalaşmalıdır”.
__________________________________________________________
Bunlara da bax:
-
«Karvan»da yenə etiraz aksiyası
-
Azad edilən məhbuslar ölkədə vəziyyətin müzakirəsinə toplaşıb
-
İcra başçılarının çoxu... yaşlı kişilərdir
____________________________________________________________
Vergi ödənişlərinin məzənnəyə təsiri
Ekspertin fikrincə, manatın möhkəmlənməsində bəzi iqtisadi amillərin də rolunu danmaq olmaz:
“Birincisi, neftin dünya bazarındakı qiymətinin, cüzi də olsa, qalxma tendensiyası var. Üstəlik, manata tələbat artıq özünü göstərməyə başlayıb. Bu da manatın möhkəmlənməsinə birbaşa təsir göstərir. Bu gün bankların manat kütləsinə ehtiyacı var. Bundan başqa ilin 1-ci rübü sona çatdığından, vergi ödənişlərinin də bəlli təsirləri mövcuddur”.
“Apreldə dollar bahalaşacaq”
N.Hacızadənin qənaətincə, idxalın azalması manatın möhkəmlənməsinə təsir edəcək: “Amma ümumi mənzərəyə nəzərə salsaq, yəqin ki, aprelin ilk həftəsi ərzində və daha böyük ehtimalla, sonrakı günlərdə dolların yenidən bahalaşması başlanacaq”.
İqtisadçı mütəxəssislərdən Samir Əliyev də belə düşünür ki, neftin qiymətcə sabitləşməsi və FES rəhbəri Janet Yellen-in uçot dərəcələrini ehtiyatlı şəkildə yüksəltmək niyyətini açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddət ertələyib.
“Uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır”
Digər səbəb kimi, ekspert manat kütləsinin azalmasını göstərir:
“Bunun nəticəsidir ki, valyuta hərraclarında bankların dollara tələbatı kəskin azalıb. Bu səbəbdən milli valyutanın son günlər bahalaşması müşahidə edilir. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşdığından şirkətlər, xüsusən iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirirlər. Ona görə də həm bazara əlavə dollar çıxarılır, həm də manata ehtiyac çoxalır. Bunlar manatın mövqeyini daha da gücləndirir”.
Ekspert hesab edir ki, manatın bahalaşma müvəqqəti xarakter daşıyacaq:
“Uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və hazırda daha çox inzibati addımlardan dəstək alır”.
Buna da bax: "Karvan" Ticarət Mərkəzində çalışanlar etiraz edir
Sizin brauzer HTML5-i dəstəkləmir