Ukraynada əsir düşən tələbə azad olunub

Hüseyn Abdullayev

Ukraynanın Mariupol şəhərində martın 17-də əsir götürüldüyü bildirilən, Azərbaycandan olan tələbə Hüseyn Abdullayev azadlıqdadır.

Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. H.Abdullayevin sözlərinə görə, onu Rusiya hərbçiləri əsir götürüb: "Səkkiz nəfər idik. Tək mən Azərbaycan vətəndaşı idim. Çeçen əsilli Rusiya hərbçiləri maşınımızı saxladı və məni digər şəxslərlə birlikdə əsir götürdülər".

26 gün əsir qaldığını deyən tələbə qeyd edib ki, həmin dövr ərzində ona işgəncələr verilib. O, hazırda da səhhətində problem olduğunu söyləyib.

H.Abdullayevin sözlərinə görə, onu əsir saxlayan şəxslər İslamda müqəddəs sayılan Ramazan ayı olduğuna görə onu azad etməyə razılıq veriblər: "Mənim azad olmağımda bir neçə öz dost-tanışımın rolu var. Amma, təəssüf ki, səfirliyimizin bunda heç bir rolu olmayıb".

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən və Rusiyanın rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.

Üçüncü kurs tələbəsi olan H.Abdullayev Mariupol Dövlət Universitetində təhsil alırdı.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Altı il əvvəl də Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan sanksiyalara qoşulmur.

49 gündür davam edən bu müharibə nəticəsində milyonlarla Ukrayna vətəndaşının qaçqın düşdüyü, dinc sakinlərin, uşaqların qətlə yetirildiyi, girov götürüldüyü açıqlanıb. Artıq Rusiya BMT-nin İnsan Hüquqları Şurasından xaric edilib. Rusiya rəsmiləri isə işğal zamanı dinc sakinlərin kütləvi qətli ilə bağlı Ukraynanın rəsmi qurumlarının açıqlamalarını təkzib edirlər. Rusiyanın Xarici İşlər naziri S.Lavrov da deyib ki, onların məqsədi Ukraynanı işğal etmək yox, onun neytrallığına nail olmaqdır.