Yağmurlu hava Masallı və Lerik rayonunda sürüşmə proseslərini sürətləndirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, cənub bölgəsi ekzogen-geoloji proseslərə məruz qalan ən aktiv ərazilərdən biridir.
Buna da bax: Qubada 9 kəndin yolunda sürüşmə
Bu nazirliyin planlama ekspedisiyasının həmin bölgədəki sürüşmə sahələrində apardığı monitorinq zamanı bəlli olub.
Əziz Qaralovun sözlərinə görə, Masallı rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur.
“Masallı-Zuvand yolunda yerləşən Güllütəpə kəndində vətəndaşlara verilən pay torpaqlarında sürüşmə baş verib. Sürüşmənin uzunluğu 300-350 metr, eni 75-80 metr, qırılma qaşının hündürlüyü 4-5 metrdir. Sürüşmə artıq evə çatıb, bir ev təhlükəli vəziyyətlə üzləşib”, o bildirib.
Buna da bax: Ən təhlükəli sürüşmə Ağsu aşırımında, Basqalda və Zığdadır
Ə. Qaralov Lerik rayonunun Davradibi kəndində 2 yaşayış evində lokal sürüşmə-çökmə hadisəsi baş verdiyini qeyd edib.
“Hər iki evə təhlükə gözlənilir. Bundan başqa, Lerik rayonu Bürsülüm kəndində uzunluğu 500-600 metr, eni 1 metrə, qırılma qaşı 0,5-dən 1,2 metr olan çat müşahidə olunur. Bundan 30-40 metr aralıda uzunluğu 150-200 metr, eni 40-50 metr, qırılma qaşı 0,8-1,6 metr olan sürüşmə sahəsi də əmələ gəlib. Bu sürüşmə sahəsi yenidir. Sürüşmə aktiv fazadadır və hazırda davam edir”.
Ə. Qaralov qeyd edib ki, Piran-Veri-Əliabad yolunun 12-14-18-ci kilometrliyində çox saylı çökmə və uçqunlar baş verib.
Buna da bax: Cəlilabadda yol sürüşmədən çöküb
Son bir ayda ölkə ərazisində fasiləsiz yağışların yağması ciddi fəsadlar doğurub. Ölkənin əksər bölgələrində sürüşmə sahələri aktivləşib. Bundan başqa, Göranboy, Masallı, Cəlilabad və başqa rayonlarda subasmalar baş verib. Əkin sahələrini, evlər su basıb.