Mask Trampın Twitter hesabını blokdan çıxarıb

Tramp

Twitter korporasiyasının yeni sahibi İlon Mask ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bloklamaq qərarını ləğv edib.

Mask daha əvvəl Twitter-də Trampın hesabının bərpası ilə bağlı sorğu keçirib. Rəyi soruşulanların 50%-dən çoxu eks-prezidentin səhifəsinin bərpasının tərəfdarı olduğunu bildirib. Məlumata görə, səsvermədə 15 milyon istifadəçi iştirak edib.

"Vox Populi, Vox Dei" deyə Mask yazıb. ("Xalqın səsi Allahın səsidir" deyiminin analoqu - AR).

Reuters xəbər verir ki, Tramp buna cavab olaraq Twitter-ə qayıtmaq fikrində olmadığını və özünün Truth Social sosial şəbəkəsindən istifadə edəcəyini bildirib. Lakin artıq doqquz milyondan çox istifadəçi ABŞ-ın 45-ci prezidentinin hesabına abunə olub.

Donald Trampın sosial media hesabları - Facebook, Instagram və Twitter 2021-ci ilin yanvarında dondurulub.

Buna da bax: Tramp 2024-cü il prezident seçkisinə namizədliyini verir

Daha sonra ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan Tramp tərəfdarları Vaşinqtonda Kapitoli binasına basqın ediblər. Bu hadisələrdə bir neçə nəfər ölüb. Sosial şəbəkələrin rəhbərliyi belə qərara gəliblər ki, Tramp öz hesablarında tərəfdarlarını iğtişaşlara sövq edib.

İlon Mask Twitter-i oktyabrın sonunda 44 milyard dollara alıb.