FHN medalının tərs üzü

HÖKUMƏT 40 GÜNLÜK ŞİRKƏTƏ 300 MİN MANATLIQ SİFARİŞİ NECƏ VERDİ?

Nazirliyin 8 000 əməkdaşının yaxasını bəzəyən nişanın görünməyən tərəfləri də varmış. Onun hazırlanmasının tapşırıldığı şirkət tenderə qatılarkən yaradılmasından heç 40 gün də keçməmişdi.

2015-ci ilin sonlarında Milli Məclis dövlətin orden və medalları arasına «Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)» Azərbaycan Respublikasının yubiley medalını da əlavə etdi. Martın 15-də isə medalların və onların qutusunun hazırlanması üçün 2 lotdan (hissədən) ibarət açıq tender elan olundu.

​Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)

Nazırliyin Maddi-Texniki Təchizat İdarəsinində (MTTİ) təşkil olunmuş Tender komissiyasının iddiaçılara tələbləri arasında alınan malların mənşə və uyğunluq sertifikatları, eləcə də onların son bir ildəki fəaliyyəti və maliyyə vəziyyəti haqqında vergi orqanının və bankın təqdim edəcəyi sənədlər vardı.

Bundan başqa, iddiaçı şirkətlər tender təklifi zərflərinin açıldığı tarixdən sonra ən azı 60 bank günü ərzində qüvvədə olan və qiymətin 2 faizi həcmində bank təminatı təqdim etməli idilər. Başqa sözlə, iddiaçılar texniki imkanlardan əlavə, ciddi maliyyə imkanlarına malik olmalı idilər.

May ayının 4-də baş tutan tenderdə həmin tarixə qədər heç bir təcrübəsi olmayan «Sumner» MMC qalib gəldi. İddiaçılar qarşısında bir illik fəaliyyət tələbi də sanki nəzərdən qaçmışdı. Buna baxmayaraq, MTTİ mayın 16-da «Sumner» şirkəti ilə medalların hazırlanması üçün 215 250 manat, futlyarlar üçünsə 88 900 manatlıq müqavilələr bağladı.

38 MANATLIQ MEDAL

MTTİ-də AzadlıqRadiosuna deyiblər ki, söhbət 8000 ədəd medal və bir o qədər də futlyardan gedir. Lakin idarədə komplekti dövlət büdcəsinə 38 manata başa gələn bu malların harada hazırlanması haqda suala cavab verə bilmədilər.

Haşiyə:
Bu medalla fövqəladə hallar orqanlarında xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və belə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilir».
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” yubiley medalı haqqında Əsasnamə.

Tenderə qatılan və qanunla sayı 3-dən az olman şirkətlərin arasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyindəki «Azərsuvenir» MMC-nin olub-olmaması haqda da məlumat verilmir.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, Londonda təşkil olunan otüstü xokkey üzrə Avropa Çempionatının qalibləri üçün medalları bu şirkət hazırlayıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız qalib şirkətlərin adlarını açıqlayır. Tender təşkilatçıları isə iddiaçıların adlarını gizli saxlayırlar.

SƏRHƏD XİDMƏTİ DƏ MEDALLAR HAZIRLADIB

Azərbaycanda dövlət təşkilatları üçün xatirə medallarının hazırlanması ilə bağlı diqqət çəkən bir fakt: 2014-cü ildə Dövlət Sərhəd Xidməti «Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)» yubiley medalının hazırlanması üçün «AXILES-STS» MMC ilə 14 667 manatlıq müqavillə bağladı.

Bu həmin şirkətdir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi hələ 2013-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin əməkdaşlarının onun iştirakı ilə 183 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi haqda məlumat yaymışdı. Vergilər Nazirliyi isə bu şirkətin direktoru Anar Rüstəmovun ölkədən çıxışına vergi borcunu ödəməməsi səbəbindən məhdudiyyət qoyub.

Təəssüf ki, Anar Rüstəmov və ya onun təmsilçilərinin bu məsələlərlə bağlı fikirlərini öyrənmək mümkün olmadı. ​

Şəkidə yaradılan «Sumner» şirkətinin FHN-lə əməkdaşlığı isə medal olayı ilə bitmir. Şirkət onunla həm də mahiyyəti bəlli olmayan reklam-tərtibat işlərinin yerinə yetirilməsi üçün 44 354 manat 75 qəpik dəyərində müqavilə bağlayıb.

Artıq 4 ildir ki, Azərbaycanda özəl şirkətlərin təsisçilərinin kimliyi və onlara məxsus payların bölgüsü haqda məlumatlar kommersiya sirri hesab edilir. Odur ki, «Sumner» MMC-nin təsisçisi haqda məlumat olmasa da, onun direktoru vəzifəsini daşıyan 22 yaşlı Şəki sakini Rəşid Məmmədov haqda müəyyən bilgi var. Şirkəti onun ev ünvanında qeydə alınıb.

Fevral ayının 6-da bu ünvanda «Sumner» MMC də daxil olmaqla 5 şirkət dövlət qeydiyyatına alınıb. Qurularkən şirkətlərin hər birinin kapitalına 5 manat qoyulmuşdu. Həmin şirkətlərin hamısına R. Məmmədov başçılıq edir.

Şirkətlərdən ikisi («Proto» MMC və «Xəzər-2016» MMC) təxminən eyni tarixlərdə FHN MTTİ ilə təsərrüfat, dəftərxana və tikinti mallarının alınması üçün 88 741 manat 25 qətik dəyərində iki müqavilə bağlayıb. Digər iki şirkət isə («Gurur İnşaat» və «Teta-2016» MMC-lər) may ayının sonunadək dövlət satınalmalarına qatılmayıb. Hər halda onların adları qaliblər arasında yoxdur.

«Sumner» MMC-nin təmsilçilərinin, o cümlədən onun direktoru Rəşid Məmmədovun yuxarıda qeyd edilən müəmmalı tenderlərlə bağlı hər hansı rəylərini öyrənmək mümkün olmadı.

İqtisadçı Azər Mehdiyev AzadlıqRadiosuna deyir ki, yeni yaranan, eləcə də şübhəli maliyyə əməliyyatlarda adı hallanan şirkətlərin dövlət satınalmalarında iştirakı qanunla tənzimlənməli, onların büdcə vəsaitlərinə çıxış imkanları məhdudlaşdırılmalıdır. «Tenderlərdə təcrübəsiz şirkətlərin iştirakına şəraitin yaradılması, hətta belələrinin nazirliklərlə satınalma müqavələləri bağlaması şübhəli məqamlardan xəbər verir. Bu, həm vergidən yayınma, həm də korrupsiya risklərini artırır. «Dövlət satınalmaları haqqında» yeni qanun layihəsində bu məqama diiqqət yetirilməlidir».