Yerli QHT-lər MHŞT sədrindən kömək istəyir

Fredrik Reinfeldt

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) idarə heyətinin sədri Fredrik Reinfeldt-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü idarə heyətinin sədri Fredrik Reinfeldt-in Azərbaycana səfəri bu qurumla əməkdaşlıq məsələlərinin geniş müzakirəsindən ötrü yaxşı imkan yaradır.

Prezident vurğulayıb ki, Azərbaycan bu təşəbbüsə qoşulan ilk ölkələrdən biridir. O, Azərbaycan Dövlət Neft Fondunun «Dövlət xidmətində şəffaflığın, cavabdehliyin və məsuliyyətin artırılması» üzrə 2007-ci il üçün «BMT-nin Dövlət Qulluğu Mükafatı»na layiq görüldüyünü məmnunluqla xatırladıb.

Xəbərdə qeyd edilir ki, görüşdə Azərbaycanın Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olması bir daha vurğulanıb. Azərbaycanın gələcəkdə bu qurumda tamhüquqlu üzv statusunun bərpasından ötrü bütün lazımi tədbirlərin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

FREDRIK REINFELDT-Ə MÜRACİƏT

Bu arada bir sıra yerli QHT fəalları MSŞT sədrini onlara yardıma çağırıb.

Onlar Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Azərbaycan QHT Koalisiyasının üzvləridir.

Müraciətdə qeyd edilir ki, qurumun ötən ilin payızında keçirilən Astana toplantısından ötən müddət ərzində vətəndaş cəmiyyətinin problemlərin həlli istiqamətində hüquqi və təcrübi addımlar atılmayıb.

Nazirlər Kabineti qrantlarla bağlı qaydalarına dəyişiklik etsə də, məhdudlaşdırıcı hallar aradan qaldırılmayıb.

Buna da bax-Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

Müraciətdə vurğulanır ki, xarici donorlara çıxışlar məhdud olaraq qalır.

Müəlliflərə görə, Koalisiyanın özünün, müstəqil üzv qurumların qrant müsabiqələrində iştirak edib layihə həyata keçirməsi praktiki olaraq mümkün deyil: «Hazırda Koalisiyanın maliyyə büdcəsi, ofisi, zəruri ofis avadanlıqları, toplantı keçirməyə konfrans zalı yoxdur».

Sənəddə Koalisiya üzvü olan 30-dan çox müstəqil QHT-nin hələ də dövlət qeydiyyatı olmadan fəaliyyət göstərdiyi, bəzi üzvlərin isə uydurma ittihamlarla həbs edildiyi bildirilir.

XATIRLATMA

«Açıq Hökumət Təşəbbüsü» 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 civarında ölkə imzalayıb.

Azərbaycan bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olub, 2012-ci ildə Təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.

Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkədir. Ötən ilin payızında isə Azərbaycan yenə qurumda qeyri-aktiv ölkə kimi saxlanıb.