Keçmiş nazir müavininə 8 il həbs verilib

R.Bayramov

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Avqustun 17-də hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Bayramov son sözündə rüşvət almadığını deyib. Onun vurğulamasına görə, saxlananda vəzifə səlahiyyətlərini aşma, mənimsəmədə ittiham olunub. R.Bayramov qeyd edib ki, nazir müavini olsa da, imza səlahiyyəti, maddi-məsuliyyətli şəxs olmayıb. Onun söyləməsinə görə, nazirliyin bütün maliyyə hesabatları yoxlanıldıqdan sonra problem olmadığı məlum olub. "Sonradan ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam", - sabiq nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, yoxlamalar onun heç bir yeyintiyə iştirakının olmadığını göstərib: "Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur".

O qeyd edib ki, işdə müəyyən diqqətsizlik və nöqsanları olub: "Buna görə cənab prezidentdən üzr istəyirəm".

O, məhkəmədən himayəsində üç azyaşlı uşağın və həyat yoldaşının ağır xəstə olmasının nəzərə alınmasını xahiş edib.

Müşavirədən qayıdan məhkəmə qərar elan edib. Qərara görə, sabiq nazir 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin R.Bayramovun istintaq dövründə üzərinə həbs qoyulan əmlakları dövlət hesabına müsadirə edilib. Özünün və yoldaşının bank hesabına qoyulan həbs isə götürülüb.

Xatırlatma

R.Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb.