“Yalan deməyəcəyəm, mən Azərbaycan valyutasının adını bu səhər öyrənmişəm…” Bu sözləri nüfuzlu Bloomberg saytının iqtisadi “Deep Dive” videoproqrmalarının aparıcısı Alix Steel deyib.
Bundan sonra çox qısa videoicmalda Steel bildirir ki, Azərbaycan manatı çoxdan bəridir ki, bir sıra neft ixracatçısı olan ölkələrin zəif valyutaları ilə eyni kateqoriyadadır, lakin indi manat dünyanın ən pis valyutası sayıla bilər.
Azərbaycan manatı bir sıra başqa Qərb medialarının da maliyyə sərlövhələrinə çıxıb.
“Financial Times” qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, keçmiş Sovet İttifaqının enerji ilə zəngin iqtisadiyyatlarının bir onillikdir, karbohidrogen gəlirlərinin hesabına sürən stabilliyi və iqtisadi artımı bu həftənin ilk günündə qiyməti son 11 ildə ən rekord səviyyədə enmiş neftin kəməndinə keçib.
Məqalədə deyilir ki, Azərbaycanın milli valyuta barədə qəbul etdiyi son qərar Qazaxıstandan sonra keçmiş sovet məkanında yaşanan ikinci böyük devalvasiya olub.
Azərbaycan 6 aya tam pulsuz qala bilərmiş…
Jack Farchy yazır ki, “Bakı ixracının 95 faizi, hökumət gəlirlərinin dörddə üçü və ÜDM-in 40 faizi neft və qazın payına düşür”.
Devalvasiya böyük bir ehtimalla sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq
“Hələ fevral ayında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Hüseynov “Financial Times” qəzetinə bildirmişdi ki, Azərbaycan dollar sancağından çıxmağı planlaşdırır, lakin manat son anadək dolların kursunu yaxından təqib edib” – deyilir məqalədə.
Bu da qeyd olunur ki, Mərkəzi Bankın ehtiyatları 13, 8 milyard dollardan ötən oktyabrda 6, 8 milyard dollara enib.
“Financial Times” vurğulayır ki, Azərbaycan 1999-cu ildən bəri ilk dəfə olaraq 35 milyard dollarlıq neft fondunun "qapağını" açmalı olub.
“Dollar sancağını bundan o yana saxlamaq mümkün deyildi. Heç bir tədbir görmədən, xərclərin indiki tempi ilə xarici valuta ehrtiyatları altı ayın ərzində tamamilə tükənə bilərdi” - deyib GPW risk konsaltinq firmasından Qafqaz üzrə ekspert Livia Paggi.
Ekspert bildirib ki, Mərkəzi Bank manatı ayaqda saxlamaq üçün təkcə noyabr ayında 589 milyon dollar xərcləmişdi.
Sadə azərbaycanlılara zərbə
“Financial Times” yazır ki, milli valyutanın kəskin ucuzlaşdırılması 2016-cı ilin büdcəsini bir barreli 50 dollar olan neftin üzərində tərtib etmiş Azərbaycana “mühasibat dəftərini tarazlamaqda” kömək edəcək. Bu addım həmçinin, dövlət neft şirkəti də daxil, ölkənin mühüm neft sektorununun xərclərini azaldacaq.
Devalvasiyanın indiyədək ləngidilməsi sosial sabitlik və Əliyev rejiminə xalq dəstəyi ilə bağlı narahatlıqdan qaynaqlanıb
Lakin Nomura firmasından təhlilçi Tim Ash bildirib ki, “bu hadisə böyük bir ehtimalla sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq”.
Ash deyib ki, “devalvasiyanın indiyədək ləngidilməsi sosial sabitlik və Əliyev rejiminə xalq dəstəyi ilə bağlı narahatlıqdan qaynaqlanıb”.
Qəzet yazır ki, devalvasiya həmçinin Azərbaycanın bank sektoruna zərbə olacaq, beləki onun çoxdan bəri gözlənilməsi fərdlərə və şirkətlərə öz ehtiyatlarını dollara çevirmək imkanı verib.
“Financial Times” Fitch agentliyinə istinadən yazır ki, belə vəziyyət manatın təkrar devalvasiyalarına səbəb ola bilər.
“Bloomberg” yazır ki, Azərbaycan hakimiyyəti Qazaxıstanın devalvasiya siyasətini təqlid etməklə onun buraxdığı səhvləri də təkrar edib.
Azərbaycan da Qazaxıstan kimi “neftin dirçəlişinə” ümid edərək devalvasiya məqamını əldən buraxıb.