Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dia.az saytının fəaliyyətinin dayandırıldığı bildirilir.
Bu barədə həmin saytın rəhbəri Məhəmməd Ərsoy (Zamanov) AzadlıqRadiosuna danışıb.
Onun sözlərinə görə, səhhəti ilə əlaqədar məhkəmədən prosesi 10 günlük təxirə salmasını istəsə də, onun xahişi təmin edilməyib: "Dünən, noyabrın 14-də iştirakım olmadan məhkəmə prosesi keçirilib və elə ilk prosesdə qərar qəbul edilib".
O bildirib ki, qərardan Ali Məhkəməyə şikayət verəcək: "Mənim hüquqlarım kobud pozulub və mən hüquqlarımın bərpasını tələb edəcəyəm. Ümid edirəm ki, məhkəmə sistemində aparıldığı deyilən islahatlar bizə də şamil ediləcək və biz Avropa İnsan Haqları Məhkəməsinə üz tutmadan ölkə daxilində məsələ öz həllini tapacaq".
Media Agentliyi saytı məhkəməyə verib
Media reyestrində qeydiyyat üçün müraciət etməyən saytların artıq məhkəməyə veriləcəyi bildirilir.
dia.az saytının (bloqun) rəhbəri Məhəmməd Zamanov (Ərsoy) da AzadlıqRadiosuna bildirib ki, Medianın İnkişafı Agentliyi onlara qarşı "media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi" iddiası ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: "Mənə məhkəmədən məktub gəlib ki, noyabrın 14-də məhkəmə var. Məktubda qeyd olunub ki, reyestr üçün müraciət etmədiyimə və müddət bitdiyinə görə mənim jurnalist, saytın da media qurumu kimi fəaliyyətinə icazə verilməsin".
"Deyə bilərlər ki, bu vaxta qədər niyə..."
M.Zamanovun sözlərinə görə, onun məhkəmədə haqlı olduğunu sübut etmək üçün yetərli arqumenti var: "Mənə deyə bilərlər ki, bu vaxta qədər niyə reyestr üçün müraciət etməmisən? Amma oxşar tənqidçi saytlar var, mən onların başına nələr gəldiyini gördüm və ona görə də müraciət etmədim. Onlar müraciət ediblər, amma nə olsun? Eyni qərarı onlara da tətbiq ediblər, qeydiyyata almadılar. Onda mən niyə müraciət edim?".
O vurğulayıb ki, sayt fəaliyyətini davam etdirir: "Mən onsuz da artıq noyabrın 5-dən elan etmişəm ki, mən jurnalist yox, bloqerəm, dia.az da artıq sayt deyil, bloqdur".
MEDİA-nın cavabı
Medianın İnkişafı Agentliyindən (MEDİA) "Turan"a məsələ ilə bağlı bildirilib ki, qurum nizamnaməsinə uyğun olaraq, "Media haqqında" Qanunun tələblərini pozan media subyektləri barədə qanunvericiliklə müəyyən olunmuş tədbirləri həyata keçirməkdədir.
Başqa saytlardan isə, hələlik, məhkəməyə verildiyini açıqlayan olmayıb.
2022-ci il oktyabrın 14-də Azərbaycan jurnalistlərinin Media Reyestrində qeydiyyatı başlayıb. Qeydiyyat altı ay ərzində aparılıb və bu ilin aprelində bitib.
Xatırlatma
Milli Məclis 2021-ci il dekabrın 30-da "Media haqqında" yeni qanunu qəbul edib.
Prezident İlham Əliyev "Media haqqında" qanunu ötən ilin fevralın 8-də imzalayıb.
Bəzi media ekspertləri, bir çox jurnalistlər, ayrı-ayrı beynəlxalq qurumlar bu qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Onların qənaətinə görə, yeni qanunda reyestr amilinin yer alması media orqanlarının fəaliyyətinin nəzarətə götürülməsinə yol açacaq. Rəsmilər bu tənqidləri düzgün saymırlar.