İctimai fəal Mehman Həbibov oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) etiraz aksiyasında iştirak etdiyinə görə təzyiqlərlə üzləşdiyini deyir. Onun sözlərinə görə, o, aksiya zamanı xəsarət alıb və Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
M.Həbibovun əlavə etməsinə görə, həkimlər ilk öncə kəllə beyin travması aldığını desələr də, mitinq adı eşidən kimi bunu təkzib ediblər.
"Rusiyada "Slava Ukraine" yazdığım üçün 7 sutka…"
Fəalın deməsinə görə, növbəti günlər polis əməkdaşları Biləsuvar rayonunda yaşayan valideynlərinin evinə gəliblər: "Məni axtarıblar. Mən Rusiyada yaşayırdım . Rusiyada sosial şəbəkədə "Slava Ukraine" yazdığım üçün 7 sutka həbs olunmuşam, sonra Azərbaycana qayıtmışam. Ötən həftə polis əməkdaşları valideynlərimin evlərinə gedərək mənim yerimi soruşublar".
Fəalın vurğulamasına görə, onlar anasına onun fərari olduğunu, Rusiyadan hərbi çağırışdan yayındığını bildiriblər: "Sonra atamı maşına mindirib aparıblar, mənim aksiyada iştirakımla bağlı bəzi suallar veriblər. Mənim Biləsuvar rayon Polis İdarəsinə gəlməli olduğumu, əks halda zorla gətiriləcəyimi bildiriblər və atamı sərbəst buraxıblar. Həmin gün, günorta saatlarından sonra polislər atamın işlədiyi iş yerinə yenidən gəliblər".
DİN-dən cavab
Bütün bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, M.Həbibovun döyülməsi ilə bağlı iddialar əsassızdır: "Digər məsələlərlə bağlı deyə bilərik ki, şəxs öz məqsədlərinə görə diqqətini öz üzərinə çəkmək istəyir, ona görə bu məlumatları yayır".
M.Həbibovun dedikləri ilə bağlı Respublika Klinik Xəstəxanası və Səhiyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.
Xatırlatma
Oktyabrın 24-də AXCP sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında aksiya keçirməyə cəhd edib. Aksiyada 100-dən çox fəalın saxlandığı və daha sonra sərbəst buraxıldığı açıqlanıb.
DİN aksiyaya icazə verilməməsini onun şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah etmişdi.
Bu il fevralın 24-də Rusiya Ukraynaya təcavüz edib. Rusiyada sentyabrda qismən səfərbərlik elan edilmişdi.