Mehman Hüseynov cəzaçəkmə müəssisəsinə köçürülüb

Mehman Hüseynov

“Həbsdəki bloqqer Mehman Hüseynov aprelin 21-də Şüvəlandakı istintaq təcridxanasından köçürülüb ”.

Bunu Azadlıq Radiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, bloqqer hazırda 14 Saylı Cəzaçəkmə Müəssisəsindədir. Həmin müəssisə Qaradağ rayonunda yerləşir.

Elçin Sadıqov

Vəkil, hələlik, bloqqerlə görüşməyib. Gələn həftə həmin müəssisəyə gedib M.Hüseynovun durumu ilə maraqlanmaq istəyir.

XATIRLATMA

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı Apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.

Buna da bax: Mehman Hüseynovun əməliyyat olunması gözlənir