Bloqqer Mehman Hüseynovun işgəncə iddiası üzrə Səbail rayon Məhkəməsində işə baxılarkən, məhkəmə iclas protokollarında qeyri-dəqiqliyə yol verilib. Bu haqda AzadlıqRadiosuna M.Hüseynovun vəkilləri Fuad Ağayev və Elçin Sadıqov məlumat verib.
Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun şikayətinə baxılıb. Şikayət bloqqerin işgəncə iddiasını əsassız sayan və prokurorluğa qarşı şikayəti rədd edən Səbail rayon Məhkəməsinin qərarından verilib.
Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədə M.Hüseynovun özü də iştirak edib.
Qapalı keçirilən məhkəmə haqda məlumat verən vəkil F.Ağayev bildirib ki, onlara Səbail rayon Məhkəməsində yazılmış iclas protokolları təqdim olunmamışdı. Müdafiəçilər bu məsələni apellyasiya məhkəməsində qaldırıblar. Onlara məhkəmənin gedişində protokollarla tanış olmağa şərait yaradılıb.
«XEYLİ NÖQSANLAR AŞKARLADIQ»
F.Ağayev deyir ki, protokollarla tanışlıq zamanı bir xeyli çatışmazlıqlar, qeyri-dəqiqliklər aşkarlayıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
«Səbail rayon Məhkəməsində bizə protokollarla tanış olmağa imkan verməmişdilər. İş materiallarını birbaşa apellyasiya məhkəməsinə göndəriblər. Bu gün protokollarla tanış ola bildik. Xeyli nöqsanlar aşkarladıq. Məhkəməyə də bildirdik ki, bu nöqsanlarla əlaqədar qeydlər verməliyik, ona görə apellyasiya baxışı təxirə salınsın. Məhkəmə də vəsatəti təmin etdi. Bizim qeydlərimiz əsaslı olub-olmamasına dair münasibət bildirmək üçün Səbail rayon Məhkəməsinə göndəriləcək», – F.Ağayev bildirib.
Səbail rayon Məhkəməsi vəkillərin qeydlərinə münasibət bildirəndən sonra iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılacaq və məhkəmə baxışı davam etdiriləcək.
Digər vəkil E.Sadıqov bildirib ki, M.Hüseynov da müdafiəçilərin fikirlərilə razılaşıb. Vəkilin sözlərinə görə, bloqqerin sağlıq durumundan, saxlanma şəraitindən şikayəti yoxdur.
XATIRLATMA
Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.
Sizin brauzer HTML5-i dəstəkləmir
M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.
M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.
Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.
Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.
Prokurorluq bloqqerin işgəncə şikayəti ilə bağlı cinayət işi açılmasına lüzum görməyib. Ardınca müdafiə tərəfinin bununla bağlı şikayətini də Səbail rayon Məhkəməsi qəbul etməyib.