Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin sonunda ərazi idarələrinin sayını azaltmağa qərar verib.
Bu barədə qurumun internet səhifəsində bildirilir.
AMB qərarını biznes proseslərinin optimallaşdırılması ilə izah edib. Beləliklə, qurumun Gəncə, Quba regional mərkəzlərinin və Sumqayıt Şəhər İdarəsinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.
Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası (MR) idarəsi isə fəaliyyətini davam etdirəcək.
"Bu qərar yerli bankların nağd pulun logistikası üzrə regional infrastrukturunun inkişafı, bu infrastruktur vasitəsilə müvafiq regionlarda nağd pula olan tələbin ödənilməsi və biznes proseslərinin effektivliyinin artırılması ilə əlaqədardır", - AMB bəyan edib.
İqtisadçı: "İndi işçilərin aqibəti necə olacaq?"
İqtisadçı Natiq Cəfərlinin AzadlıqRadiosuna deməsinə görə, ola bilsin, doğrudan da infrastrukturla bağlı bəzi problemlər həll olunur: "Amma məncə, əsas səbəb Mərkəzi Bankın idarə xərclərinin azaldılması ilə bağlı atılan addımlardır. Sayları iki dəfə azalacaqsa, xərclər də iki dəfə azalacaq: həmin azaldılan region idarələrin işçilərinin maaşları ödənilməyəcək, ofis xərcləri olmayacaq. Orada da suallar çıxır ki, əgər xərclər azalacaqdısa, bu şöbələr niyə yaradılırdı? İndi işçilərin aqibəti necə olacaq? Onların işlə təmin edilməsi baş verəcəkmi? Bütün bu suallar açıq qalır".
Hələlik, iqtisadçının dilə gətirdiyi suallara AMB və başqa rəsmi qurumlardan əlavə münasibət almaq mümkün olmayıb.