Cəlilabadın Ocaqlı kəndindəki məktəbdə birinci sinif şagirdinin ölümünə səbəb olan hadisə ilə bağlı araşdırmaların nəticəsindən hər iki tərəf narazıdır.
7-yaşlı Hüseyn Zeynalov il yarım öncə məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Buna görə "Azərenerji" ASC-nin Ocaqlı kənd sahəsi üzrə usta işləyən İlyas Əhmədov cinayət məsuliyyətinə cəlb olunub.
55-yaşlı Əhmədov səhlənkarlıqda – elektrik naqillərinin təhlükəsizliyinə nəzarət etməməkdə ittiham olunub. Cinayət işinin materiallarında iddia olunur ki, kənddə bir neçə yararsız dayağı dəyişən usta məktəbin həyətindəki ayırıcını da yeniləməkdən ötrü ora beton dirək basdırıb: "Ayırıcının texniki cəhətdən nasaz vəziyyətdə olduğunu bilməsinə baxmayaraq, məktəbin həyətində dirək basdırarkən işinə laqeyd münasibət göstərərək təlimatla üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyib".
2022-ci ilin fevralında baş vermiş hadisədən ötən il yarım ərzində bu cinayət işi Ali Məhkəməyə qədər gedib. Çünki məhkəmələrin gəldiyi nəticələr həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfi qane etməyib, onlar şikayətlərini davam etdiriblər. Ali Məhkəmə də işi təkrar araşdırılması üçün geri – apellyasiya instansiyasına qaytarıb.
Buna da bax: Bakıda yaşayış binasında 1000 kVA-lıq təhlükəBundan öncə Cəlilabad rayon Məhkəməsi ustanı Cinayət Məcəlləsinin (CM) 314.2 (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli sayıb. Ona 5 il azadlığın məhdudlaşdırılması (elektron bilərziklə hərəkət) cəzası kəsilib.
7 min manatlıq mənəvi ziyan...
Zərərçəkmişin hüquqi varisi qismində uşağın atası Yaşar Zeynalov tanınıb. O, maddi ziyana görə 5 min (dəfn xərcləri və s.), mənəvi ziyana görə isə 195 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. Məhkəmə yalnız mənəvi ziyanı 7 min manatlıq hissədə təmin edib.
Təqsirləndirilən Əhmədov isə iddia edir ki, əksinə, bu hökm ona qarşı haqsızlıqdır. Onun sözlərinə görə, hadisə yerindəki transformator "Azərenerji"nin balansında olmayıb, həmin transformatora usta kimi nəzarət edəsi şəxs də özü deyildi.
"İş materiallarından da görünür ki, həmin transformator təhsil şöbəsinin balansında olub. Təhsil şöbəsinin balansında olan transformator mənə təhkim edilə bilməzdi. O transformatora dövri baxış keçirilməsi, oradakı nasazlığın aradan qaldırılması barədə mənə rəhbərlik rəsmi göstəriş verməyib", – təqsirləndirilən Əhmədovun sözləridir. O, baş vermiş hadisədə təqsirinin olmadığını bildirir və bəraət istəyir.
Buna da bax: İstirahət mərkəzində hovuzda cərəyandan iki nəfər ölübZərərçəkmiş tərəfin tələbi
Zərərçəkmiş tərəf isə, əksinə, şikayətində ona verilmiş 5 illik müddətin azadlığın məhdudlaşdırılması yox, azadlıqdan məhrumetmə olmasını istəyir. Mülki iddianın da tam təmin olunmasını – qarşı tərəfin onlara 200 min manat ödəməsini tələb edir.
Yaşar Zeynalovun daha bir tələbi isə Cəlilabad rayon Ocaqlı kənd 1 saylı orta məktəb ilə bağlı araşdırmaların aparılmasıdır. Onun sözlərinə görə, dərs vaxtı məktəbdə ölüm hadisəsi baş verib, lakin vəzifə borcunu yerinə yetirməyənlərdən kimsə məsuliyyətə cəlb olunmayıb.
Şirvan Apellyasiya Məhkəməsində bu hadisə ilə bağlı təkrar araşdırmalar iyunun 16-da yekunlaşıb. Məhkəmə bu dəfə də usta Əhmədovun təqsirli olduğu qənaətinə gəlib. Ona kəsilən cəza dəyişib – 2 il azadlıqdan məhrum edilib.
Ehtiyatsızlıqdan törədilən cinayətlərə görə verilən cəza 5 ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. Əhmədov da bu cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qalan hissədə isə hökm dəyişməyib.