Rusiya hərbçiləri Lisiçansk yaxınlığındakı Beloqorovka kəndində məktəbə hava zərbəsi endirib. Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, demək olar ki, təxliyyə olunmağa imkan tapmayan bütün kənd sakinləri həmin məktəbin zirzəmisində gizlənirmiş. O, məktəbin zirzəmisində 90-a yaxın adam olduğunu, onlardan 30-a yaxınının dağıntılar altından çıxarıldığını və xilasetmə əməliyyatının davam etdiyini qeyd edib.
Qaydai son bir həftədə bu kənddə davamlı döyüşlərin getdiyini deyir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hava zərbəsi nəticəsində yanğın baş verib. Xilasedicilər bir neçə saatdan sonra yanğını söndürüblər. Məlumata görə, dağıntılar altından iki cəsəd çıxarılıb və həlak olanların sahı dəqiqləşdirilir.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Rəsmi Moskva Ukraynaya qarşı başladığı müharibəni "xüsusi əməliyyat" adlandırır. Bunun əksini deyənlər cinayət məsuliyyətinə cəlb edilib.