Martın 16-da Nəsimi Rayon Məhkəməsi NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü Məmməd Əzizova mənəvi zərər əvəzi təzminat ödənilməsinə qərar verib.
Bu barədə vəkil Fariz Namazlı AzadlıqRadiosuna məlumat verib. Onun sözlərinə görə, məhkəmə Əzizova 36 min manat maddi təzminatın ödəməsi ilə bağlı qərar açıqlayıb.
Vəkil əlavə edib ki, 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarından sonra Ali Məhkəmənin Plenumu fəala bəraət vermişdi: "Biz də məhkəməyə müraciət edərək 100 min manat kompensasiya tələb etdik. Məhkəmə 36 min manat kompensasiya təyin edib və biz bu qərarla razı deyilik, apellyasiya şikayəti verəcəyik. Çünki eyni iş üzrə həbs olunmuş digər şəxslərə 66 min manat kompensasiya verilib və biz Nəsimi Rayon Məhkəməsinin qərarını ayrı-seçkilik hesab edirik".
Məmməd Əzizov 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, narkotik, qanunsuz silah cinayətləri və iğtişaşların təşkilində təqsirli bilinmişdi. Amma 2016-cu ildə o, əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
2021-ci ilin fevralında isə AİHM Əzizov, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzluya münasibətdə Avropa Konvensiyasının bəzi müddəalarının pozulduğu qənaətinə gəlmişdi. Üstəlik, qərarla Azərbaycan hökumətinin ərizəçilərə ümumilikdə 43 min 500 avro təzminat ödəməsi vacib sayılmışdı.
Bunun ardınca Azərbaycan Ali Məhkəməsinin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəmə qərarlarını ləğv etmiş, onlara bəraət vermişdi.
Xatırlatma
Aralarında Əzizov və Novruzlunun da olduğu NİDA Vətəndaş Hərəkatının bəzi üzvləri 2013-cü ilin əvvəlində həbs edilib. Onlarla bağlı məhkəmə hökmü isə 2014-cü ilin mayında çıxarılıb. Rəsmi olaraq gənclərə kütləvi iğtişaşların təşkili və narkotiklə bağlı ittihamlar irəli sürülmüşdü. Onların barələrində 6 ildən 8 ilə kimi həbs qərarı çıxarıldı. Gənclər məhkəmədə ittihamları rədd edir, həbslərinin ictimai fəaliyyətləri ilə bağlı olduğunu bildirirdilər. Hüquq-müdafiə təşkilatları da onları siyasi məhbus kimi tanıyıblar.
Azərbaycan rəsmiləri isə bir çox hallarda ölkədə siyasi məhbuslar olduğu fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.