Rüşvət, mənimsəmə və başqa ağır ittihamlarla həbs olunan bir sıra məmurlar var ki, onlara qanunda nəzərdə tutulan cəzanın ən aşağı həddindən də xeyli yüngül cəza verilib. Azərbaycanın cinayət qanunvericiliyində belə istisna hallara imkan yaradan bir norma var. Cinayət Məcəlləsinin (CM) 62-ci maddəsi hakimə imkan verir ki, müstəsna hallarda maddədə nəzərdə tutulan cəzanın minimum həddindən daha aşağı cəza təyin etsin.
Bugünlərdə "Yeni Klinika"nın sabiq rəhbəri Pərviz Abbasova münasibətdə bu maddənin tətbiqi ilə onun cəzası 3 ilə endirildi. Halbuki, Abbasovun ittiham olunduğu CM-in 311.3.1, 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrində cəza müddəti 8 ildən başlayır. O başqa məsələ ki, Abbasov, ümumiyyətlə, özünü təqsirli bilmir, bu ittihamın əsassız olduğunu, kimsədən rüşvət almadığını deyir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Abbasovdan öncə də bu normadan xeyli sabiq məmurlar faydalanıb. Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov, Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov, keçmiş deputat Gülər Əhmədova, Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov... Bu siyahını xeyli uzatmaq da olar. Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını öldürməkdə suçlanan Fəqan Əhmədov, Tərtərdə kütləvi şəkildə hərbçilərə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslərə (Sənan Maşıyev, Cabir Ruslan Mikayılov, Elçin Əliyev və s.) münasibətdə də CM-in 62-ci maddəsi tətbiq olunub.
Qanundakı bu güzəşt yalnız dövlətdə hansısa vəzifə tutmuş şəxslərə münasibətdə tətbiq oluna bilər, yoxsa bütün vətəndaşlara aiddir?
"Qanun fərq qoymur"
Vəkil Rəşad Əliyev AzadlıqRadiosuna deyir ki, CM-in 62-ci maddəsi vəzifəsinə, kimliyinə görə insanlar arasında heç bir fərq qoymur. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin hadisə zamanı və sonrakı davranışı, şəxsiyyəti, eləcə də cinayətin baş verməsində rolu, məqsədi nəzərə alınır: "Qanun fərq qoymur, adi fəhləyə münasibətdə də tətbiq oluna bilər, deputata da. Çünki vəzifəsinə görə yox, davranışına, şəxsi keyfiyyətlərinə görə dəyərləndirmə aparılmalıdır – qanun belə deyir. Hakim bu maddəni tətbiq edəndə mütləq əsaslandırmalıdır. Amma müstəsna halları müəyyənləşdirməyi də qanun hakimin öz mülahizəsinə buraxır".
Vəkil izah edir ki, hətta hansısa səbəbdən cinayət baş veribsə belə, şəxs yaralıya yardım etmək üçün əlindən gələni edirsə, hakim bunu və başqa yüngülləşdirici halları nəzərə ala bilər.
Xüsusi imtiyazlı şəxslər
Hüquqşünas Namizəd Səfərov isə düşünür ki, qanunun bu norması xüsusi imtiyazlı şəxslərə tətbiq olunur. Deyir ki, Azərbaycanda çıxarılan hökmlərlə bağlı apardığı monitorinqlərin nəticəsi bu qənaətə gəlməyə əsas verib: "Necə olur ki, 62-ci maddədən yararlananların hamısı məmurlar olur, aralarında bir fəhləsi, bir bənnası olmur? Milli Məclisə yerlərin satılması çox ağır, dövləti cinayətdir. Amma Gülər Əhmədovaya münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etmişdilər...".
Əhmədovanın deputatlıq dönəmində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yaydığı videoda o, deputat olmaq istəyən rektora bunun üçün 1 milyon manat lazım olduğunu deyirdi. Dələduzluqda ittiham olunan Əhmədova ittihamı qəbul etmir, videonun montaj olduğunu bildirirdi. O, 1 il 3 ay həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Əməl ictimai təhlükəli deyilsə...
Hüquqşünas Səfərov yada salır ki, sözügedən maddənin tətbiqi üçün bir sıra hallar sadalanır. Onlardan biri də əməlin ictimai təhlükəli olmamasıdır: "Müşahidələrimiz isə fərqli mənzərəni ortaya qoyur. Rüşvət alan, milyonlarla büdcə vəsaitlərini mənimsəyən şəxslərə münasibətdə bu maddəni tətbiq edib onlara yüngül cəzalar təyin olunur. Bu əməllər isə kifayət qədər ağır ictimai təhlükəli əməllər sayılır".
Milli Məclisin üzvü Fazil Mustafa isə hesab edir ki, CM-in 62-ci maddəsi daha tez-tez tətbiq olunmalıdır. Deputatın sözlərinə görə, bu maddənin tətbiqi hakimin öz iradəsinə bağlı məsələdir. Həm də, konkret hallara necə yanaşmasından asılıdır.
"Qanun bu məsələdə insanların əmlak vəziyyəti, yaxud ictimai nüfuzu baxımından ayrıseçkilik qoymur. Əsas məsələ işin halları, ictimai təhlükəlilik məsələsidir. Törədilən əməlin ictimai təhlükəli xarakteri qabarıq şəkildə ortaya çıxmayanda hakim o maddəyə baş vura bilər. Fərqi yoxdur kimdir...", – Fazil Mustafa bildirib.