Çoxmənzilli yaşayış binaları tikən 23 şirkət barədə materiallar Baş Prokurorluğa göndərilib.
Bu haqda "Turan"a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, son dövrlər çoxmənzilli yaşayış binalarındakı mənzillərdə sayğac quraşdırılmasına görə tikinti şirkətlərinin mülkiyyətçilərdən ödəniş tələb etməsindən şikayətlər artıb.
Müraciətlər mənzil-tikinti kooperativləri (MTK), məhdud məsuliyyətli cəmiyyətlər (MMC) barədədir. Belə ki, alıcılarla bağlanan müqavilələrdə mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi, onların quraşdırılmasına görə ödənişlər barədə tələblər yer alır.
Məlumatda deyilir ki, belə fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri var.
Qanunvericiliyə görə, əhalinin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və quraşdırılmasını təchizatçılar öz vəsaiti hesabına gerçəkləşdirməlidir, sayğacın dəyərini tələb edə bilməzlər.
Məsələ ilə bağlı Baş Prokurorluqdan məlumat almaq mümkün olmayıb. Qurum konkret hansı şirkətlər barədə müraciət edildiyi haqda bilgi verməyib.