Əlilin mərc oyunlarına görə həbsiylə iş bitmədi

"Topaz", mərc oyunları

“Cəmi 20 kvadratmetrlik o köşkdən gələn kiçik gəlir ora toplaşan əlillər arasında bölüşdürülürdü. Hansı ki, o əlillərə dövlət sahib çıxmalıydı... 1 aya yaxındır ki, hökumət hərbi əlil Elyar İsmayılovu Kürdəxanı həbsxanasına atıb, köşkü möhürləyib, əlil ailələrini ac qoyub”.

Bunu AzadlıqRadiosu-na 1-ci qrup Qarabağ əlili, Əlillərin Müdafiəsi Komitəsinin sədri Məğrur Bədəlsoy deyir.

Buna da bax:​ Polisə mərc oyunlarına qarışmaqla bağlı əlavə səlahiyyət verilir

“ORDA MƏRC OYUNLARI OLMAYIB”

Öncə bildirək ki, ötən ay gözdən hərbi əlil Elyar İsmayılov akkreditasiyadan keçmədən idman mərc oyunlarının təşkilində təqsirləndirilərək həbs olunub. Vergi Cinayətləri Departamenti əlili 14 ay ərzində qanunsuz təşkil etdiyi mərc oyunlarından əldə olunan 168 min manatdan vergi ödəməməkdə təqsirləndirir. Əlil hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

Ancaq onun əlil yoldaşları həbsi ilə razılaşmırlar. Məsələn, Məğrur Bədəlsoy deyir, əvvəla, yüngül konstruksiyalı həmin köşk cəmi 3 aydır quraşdırılıb. Həm çayxana kimi fəaliyyət göstərib, həm də əlillər toplaşıb dərdləşirlərmiş. Kiçik bir guşəsində isə telefon təmiri yeri varmış:

Buna da bax: 'Dedi, 2 min manat nazirliyə, 500 manat hərbi komissarlığa çatır'

“16 il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti həmin köşkü mənim adıma rəsmiləşdirmişdi. Ancaq tək mənə deyil, bir neçə əlilə məxsusdur. Hökumət bizə 1-ci qrup Qarabağ əlili kimi verib. Əvvəllər başqa ərazidə idi, Avropa Oyunlarına görə söküldü, gətirib burda quraşdırdıq. Onsuz da başımız salamat deyil. Əvvəl rabitəçilər məhkəməyə verdilər ki, köşk telefon xəttinin üstündə qoyulub. İndi də bunlar ortaya çıxdı. Orda mərc oyunları olmayıb. Biz Gənclər və İdman Nazirliyinə “Topaz” oyunlarının təşkili lisenziyasından ötrü müraciət etmişdik. Cavabı alandan sonra başlamaq fikrimiz var idi. Sadəcə, söhbətlər gedirdi, ancaq heç başlamamış kimsə getdi xəbər verdi, gəlib tutub apardılar. Müraciətimizə 1 ay müddətində cavab verilməli olsa da, ləngidi. Cavab noyabrın 24-də gəldi - Elyarın həbsindən sonra... Cavabda yazılmışdı ki, lisenziya üçün “Topaz”ın özünə müraciət edək”.

Buna da bax:​ 'Ağıllı hökumətlər böhran vaxtı mərc oyunlarına vergiləri artırır'

“BU RƏQƏM HANSI AĞACDAN DƏRİLİB”

Məğrur Bədəlsoy deyir, hətta obyektdə akkreditasiyasız fəaliyyət aşkarlansaydı belə, bunu Vergilər nazirliyi yox, Maliyyə Bazarlarında Nəzarət Palatası gerçəkləşdirə bilərdi. Üstəlik, Vergi Cinayətləri Departamenti 14 ayda 168 min manat qazancı hansı meyarlarla hesablayıb ortaya çıxarıb, əlillər məəttəl qalıb:

“Guya 14 ayda 168 min manat qazanc əldə olunub. Bu rəqəm hansısa nazirlik işçisinin təxəyyülü ilə ortaya qoyulub. O nazirlik işçisi bu rəqəmi hansı “ağacdan dərib”, adama həm gülməli gəlir, həm ağlamalı... Biz o köşkü, dediyim kimi, cəmi 3 aya yaxın idi, ora qoymuşduq və çayxana kimi istifadə edirdik”.

Buna da bax:​ 'Həyat yoldaşımla ağ bayraq götürüb Ermənistana keçəcəm'

Məğrur Bədəlsoy deyir, gözdən əlil, hərbi pensiyaçı olan Elyar İsmayılovun ailəsi Gəncədə yaşayır, 4 və 6 yaşlarında iki övladı var. Ailəyə çörəkpulu qazanmaq üçün bir müddət imiş ki, Bakıda – həmin köşkdə çay satırmış.

Vergilər nazirliyindən “Qaynar xətt”ə bildirilib ki, istintaq davam etdiyindən qurumun noyabrın 18-də Elyar İsmayılovun həbsi ilə bağlı yaydığı rəsmi açıqlamadan əlavə deyəcək bir sözü yoxdur.