Noyabrın 17-də Almaniya kansleri Angela Merkellə Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka arasında daha bir telefon söhbəti olub.
Bu, Belarus-Polşa sərhədində davam edən miqrant böhranı ilə bağlı Merkel və Lukaşenkanın bir həftədə ikinci danışığıdır.
Haqqında ilk dəfə Belarusun BelTA agentliyi tərəfindən xəbər verilmiş söhbətin təfərrüatları hələki açıqlanmayıb.
Son aylarda Lukaşenka ilə hər hansı Avropa liderinin bu nadir danışığı zamanı Avropa İttifaqı ilə Belarus arasındakı sərhəddə ilişib qalmış minlərlə qaçqın və miqranta humanitar yardımın göstərilməsi müzakirə edilib.
Merkelin noyabrın 15-də Lukaşenka ilə birinci danışığı Avropa İttifaqının Belarus üzərinə yeni sanksiyalar barədə razılığa gəldiyi günə tədasadüf etmişdi.
Brüssel Minski miqrantları Yaxın Şərq və Şimali Afrikadan tovlayaraq Belarusa gətirməkdə və Polşa sərhədinə yığmaqda ittiham edir.
Avropa İttifaqı bildirir ki, Alyaksandr Lukaşenka bu hərəkəti ilə onun və ölkəsinin üzərinə qoyulmuş sanksiyalara görə əvəz çıxır.
Qərb və Avropa İttifaqı Belarus üzərinə sanksiyaları 2020-ci il prezident seçkisinin saxtalaşdırılması və bunun ardınca kütləvi etirazlara və müxalifətə divan tutulmasına görə qoymuşdu.
Buna da bax: Avtokratların dövranı – Qərb mediasıSəs qumbaraları, gözyaşardıcı qaz
Sərhəddə ilişib qalan miqrantlar noyabrın 16-da Polşa sərhədçiləri ilə toqquşublar. Onlardan bəziləri Polşa hərbçilərini daşa basıblar, buna cavab olaraq onlara qarşı suatanlardan, səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə olunub.
Polşanın Belarusla sərhədi, həm də Avropa İttifaqının və NATO-nun sərhədi sayılır.
Gərginliyin bu şəkildə eskalasiyası NATO-nun baş katibi Yens Stoltenberqi sərt reaksiya verməyə vadar edib.
Alyansın baş katibi Lukaşenkanı minlərlə miqrantın həyatını riskə atmaqda ittiham edib.
Stoltenberq bildirib ki, NATO bu qarşıdurmada ona üzv olan Polşanı dəstəkləyir.
Əsasən Yaxın Şərqdən olan minlərlə miqrant Belarusun Polşa, Litva və Latviya ilə sərhədlərinin yaxınlığında düşərgə salıb.
Onlar Avropa İttifaqının ərazisinıə keçməyə çalışırlar.