Əliyev və Putin mətbuata bəyanat veriblər (Video)

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyevlə Putinin imzaladığı bəyannamə hansı öhdəliklər yaradır?

Vladimir Putin deyib ki, Bəyannamə dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır.

Fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin müttəfiqlik haqqında Bəyannamə imzaladıqdan sonra mətbuat üçün bəyanat veriblər.

AZƏRTAC-ın xəbərinə görə, Putin deyib ki, Bəyannamə dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidi ilə əlamətdardır:

“Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas yekunudur.”

O, əlavə edib ki, Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək:

“Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycana Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırırıq.”

O vurğulayıb ki, Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar:

“Onlar Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpa olunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdırlar.”

Buna da bax: 43 bəndlik Bəyannamədə nə var, nə yox

“Milli valyutaların daha fəal istifadəsi…”

Putinin sözlərinə görə, onlar maliyyə sahəsində qarşılıqlı fəaliyyəti bundan sonra da möhkəmləndirməyi vacib hesab edirlər:

“Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması şübhəsiz ki, buna kömək edə bilərdi”.

O, Qarabağ məsələsinə də toxunub:

“Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur.”

Onun fikrincə, daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır.

Buna da bax: Moskvada Azərbaycan-Rusiya müttəfiqlik fəaliyyəti Bəyannaməsi imzalanıb

Əliyevin dedikləri

Prezident İlham Əliyev deyib ki, bu Bəyannamə onların münasibətlərini müttəfiqlik səviyyəsinə çıxarır:

“Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb.”

O əlavə edib ki, onlar qarşılıqlı siyasi fəaliyyəti artıracaq:

“Əvvəl olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarda dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmini artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.”

Azərbaycan prezidentinin vurğulamasına görə, qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var:

“Bugün biz nəqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik.”

Azərbaycan Prezidenti Ermənistanla münasibətlərdən də bəhs edib:

“Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli bəyanatın bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir.”

Onun vurğulamasına görə, Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib:

“Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək. Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizə müharibə lazım deyil”.

Fevralın 21-də Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.