Azərbaycan ailəsi hər ay evə gələn pulun nə qədərini yeməyə, ərzağa xərcləyir? Kinoya, teatra, əyləncəyə pul qalırmı?
2017-ci ilin dövlət statistikasına görə, adambaşına düşən istehlak xərci 278 manat ətrafında olub, bunun da 117 manatı, və ya təqribən 42 faizi ərzağa sərf olunub.
Beləliklə, azərbaycanlılar 2017-ci ildə ayda
İstirahət və mədəniyyət xərclərinə -11.7 manat
Paltar və ayaqqabıya – 18 manat
Su, qaz, işıq və s. kimi kommunal xidmətlərə -20.5 manat
xərcləyiblər.
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, onların araşdırmasına görə, adambaşına düşən ərzaq xərci rəsmi statistikada olduğundan daha çoxdur və 50-55 faiz arasındadır.
Avropa Komissiyasının məlumatına görə, Almaniyada əhali gəlirin 10 faizini, Çexiyada 16 faizini, Rumıniyada 28 faizini ərzağa xərcləyir.
İqtisadçı Rəşad Həsənov deyir ki, hazırda Azərbaycanda ən çətin durumda olanlar minimum əmək haqqı alanlardır:
“2017-ci ildə Azərbaycanda minimum əmək haqqı 130 manat ətrafında olub. Bu dövrdə vətəndaşın aylıq ərzaq üçün xərci 115 manat ətrafında olubsa, bu o deməkdir ki, minimum əmək haqqı ilə dolanan vətəndaşlar gəlirlərinin 93-94 faizi məhz ərzaq məhsullarının istehlakı məqsədinə yönəldiblər. Dövlət sektorunda minimum əmək haqqı ilə çalışanların sayı 450 minə yaxındır”.
Bakı sakini Əbdüləli Niftəliyev fəhləliklə dolanır, ailədə yeddi nəfərdirlər. Deyir ki, qazancı ancaq yeməyə çatır. Başqa heç nəyə:
- Ayda çox olsun 300 manat olur. Ət almırıq. Ancaq pomidor, xiyar, makaron, vermişel.
- Hansısa əyləncəyə pul xərcləyə bilirsizmi?
- Yox e. Elə şeylərə pul çatmır.
Başqa Bakı sakinlərini də müzakirəyə dəvət etmişik. Onlardan soruşmuşuq ki, sizin qazancınızın nə qədəri yeməyə gedir?
Sizin brauzer HTML5-i dəstəkləmir
Müstəqil təhlilçi Rəşad Həsənov deyir ki, inkişaf etmiş ölkələrdə minimum əmək haqqının 36 faizi yeməyə xərclənirsə, Azərbaycanda bu, 50-55 faizdir.
Buna da bax: İqtisadçı: “Azərbaycanda da Nigeriyadakı kimi üç nəfərdən biri yoxsuldur”Azərbaycan hökuməti isə bildirir ki, əhalinin sosial durumunu yaxşılaşdırmaq üçün tədbirlər görür.
Hökumətin iddiasına görə, Azərbaycanda yoxsulluq beş faiz civarındadır və əhalinin rifah halı getdikcə yaxşılaşır.
Bu ilin əvvəlində minimum pensiya və əmək haqqı 40 faizə qədər qaldırılıb. Prezident İlham Əliyev isə bu ilin aprelində çıxışında bildirib ki, artım davam edəcək:
“…bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına”.
İqtisadçı Rəşad Həsənov isə bildirir ki, əhalinin artan gəlirləri inflyasiyasının yeminə çevrilir. Belə ki, ərzaq məhsulları xaricdən idxal olunur və milli valyuta ucuzlaşanda ərzaq da bahalaşır.
Onun sözlərinə görə, əhalinin rifah halını əsaslı və davamlı şəkildə artırmaq üçün əsaslı islahatlar aparmağa ehtiyac var:
“Bu gəlirlərin artırılması o səviyyədə olmalıdır ki, minimum əməkhaqqı və minimum pensiya səviyyəsi orta aylıq gəlirlərin 50-60 faizi həcmində olsun. Hazırda minimum əmək haqqının orta aylıq əmək haqqında xüsusi çəkisi təqribən 30 faizi qədərdir. Bu göstərici qısamüddətli dövrdə sürətlə artırılaraq müvafiq səviyyəyə yüksəldilməlidir. Təbii ki, bu, müvafiq olaraq fiskal yük formalaşdırır, inflyasiya yarada bilər”.
Rəşad Həsənov təklif edir ki, inflyasiya və sair problemlərdən qurtarmaq üçün bu artım mərhələli şəkildə aparılsın.
Azərbaycanda istehlak qiymətləri 2014-2015-ci illərdən manatın devalvasiyasından sonra xüsusilə bahalaşdı.
Rəsmi statistikaya görə, 2017-ci ilin dekabrında ərzaq məhsullarının qiyməti 2014-cü ilin sonu ilə müqayisədə 40 faizə qədər bahalaşıb. 2017-ci ildən sonra da ərzaq qiymətləri nisbi bahalaşmaqda davam edir.