Azərbaycanda Rusiyanın “Mir” ödəniş sisteminin fəaliyyət göstərməsi imkanları müzakirə edilir.
Bunu Azərbaycanın Mərkəzi Bankının baş direktoru Fərid Osmanov iyulun 29-da mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.
Mir ödəniş nədir?
Mir - Rusiyanın milli ödəniş sistemidir. 2015-ci ildə təsis olunub. Həmin sistemin yaradılması Rusiyanın maliyyə təhlükəsizliyi ilə izah edilib. Hesablaşmalar rublla həyata keçirilir.
Bu il fevralın 22-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb.
Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.
Bəyannamənin 28-ci maddəsində isə yazılıb ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Buna da bax: Azərbaycan Qərbin Rusiyaya qarşı sanksiyalarına tuş gələ bilərmi?Xatırlatma
Bu il fevralın 24-də Rusiyanin Ukraynaya təcavüzündən sonra bu ölkəyə Qərb ölkələrinin sanksiyaları ( 2014-cü ildə Ukrayna ərazisi olan Krımın ilhaqından sonra Rusiya sanksyalarla üzləşmişdi) genişlənib.
Rusiyanın bir çox bankları SWIFT sistemindən (“Ümumdünya Banklarası Maliyyə Telekommunikasiya Cəmiyyəti”, sərhədlərarası sürətli ödənişləri, beynəlxalq ticarəti mümkün edən təhlükəsiz sistemdir) çıxarılıb.