Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə Brüssel görüşü "miqyaslı və mürəkkəb" keçib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 1-də hökumətin iclasında deyib.
Avqustun 31-də Paşinyan Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
"Ancaq onu da demək istəyirəm ki, məqsədlərimiz açıq çıxışlarımda bəyan etdiyim kimi qalır və qalmalıdır. Ermənistan hökuməti sülh gündəmini qəbul edib və onun reallaşması üçün bizə qətiyyət lazımdır", – Paşinyan söyləyib.
"Hamımız anlamalıyıq ki, bu sadə və aydın deyil, mümkün həllər də bəlli deyil. Ardıcıl işi davam etdirməliyik. Hesab edirəm ki, regionumuzda mümkün qədər tez uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması vacibdir. Biz getdikcə daha çox bu məsələnin həllinə diqqət ayırmalıyıq", – deyən Paşinyan başqa detal açıqlamayıb.
Paşinyanla Əliyev ikitərəfli sülh sazişinin layihəsi üzərində əsaslı danışıqların xarici işlər nazirləri səviyyəsində davam etdirilməsinə razılaşıblar. Nazirlərin bir ay ərzində görüşəcəyi gözlənir.
Buna da bax: Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'Aİ əhalini uzunmüddətli sülhə hazırlamağa çağırır
Avropa İttifaqı (AI) Şurasının Prezidenti Şarl Mişel avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşün nəticələrinə dair bəyanat yayıb.
Ş.Mişel fikir mübadiləsinin açıq və məhsuldar keçdiyini bildirir, hər iki liderə buna görə təşəkkür edir.
Sülh sazişi
Bəyanata görə, tərəflər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişini irəliyə aparmaq üçün predmetli işi sürətləndirməyə razılaşıblar. Xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ayın içində görüşmək tapşırılıb.
Buna da bax: Azərbaycan və Ermənistanın birgə komissiyaları Moskvada görüşübHumanitar məsələlər
Tərəflər habelə humanitar məsələlər, o cümlədən ərazilərin minalardan təmizlənməsi, saxlananlar və itkin düşənlərin taleyini detallı müzakirə ediblər.
Aİ prezidenti Azərbaycan tərəfinin diqqətinə erməni saxlananların azad edilməsinin vacibliyini çatdırıb. Aİ-nin bu məsələlərlə məşğul olmağa davam edəcəyi bildirilir.
Sərhəd
"Biz sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı təminatı ilə bağlı bütün məsələlər üzrə irəliləyişi nəzərdən keçirdik. Razılığa gəldik ki, sərhəd komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin. Biz nəqliyyat kommunikasıyalarının açılması şərtlərinin müzakirəsinin gedişi ilə tanış olduq", - açıqlamada bildirilir.
Buna da bax: Qorbaçov 1988-ci ildə Ermənistanda Qarabağ haqqında bunları demişdi"Deyilən hər bir söz..."
Ş.Mişel hər iki tərəfdə əhali ilə işləyərək onları uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyini qeyd edib. "Bu məsələdə ictimai bəyanatların mübadiləsi həlledici əhəmiyyətə malikdir. Belə həssas bir vəziyyətdə ictimaiyyət arasında deyilən hər bir söz digər tərəfdə də dinlənilir və götür-qoy edilir", – bəyanatda deyilir.
Tərəflər noyabrın sonunadək bu formatda yenidən görüşməyə razılaşıblar.
Buna qədər…
Ötən ilin dekabrından bəri bu, Aİ Şurasının Prezidenti Ş.Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin dördüncü görüşüdür. Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, ikinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk qrupu (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir) vasitəçilik edib.
Buna da bax: Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandıXatırlatma
Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.