Sentyabrın 25-i vəkil Əsabəli Mustafayev son günlər saxlanan fəallarla görüşüb. Bu barədə vəkil özü məlumat yayıb.
«Bəhruz Həsənli, İlham Hüseynli, Saqif Qurbanov, Aqil Məhərrəmov, Emil Səlimov, Emil Maniyev və Nicat Nizamovla Binəqədidəki cəzaçəkmə müəssisəsində görüşdüm. Əhval-ruhiyyələri yüksəkdir, dostlara salamları var. İttiham həmişəki kimi qondarmadır. Fəallar hamısı həmin günü küçələrdə «söyüş söymək günlüyü» keçiriblər. Həmişəki kimi «təsadüfən» həmin ərazidə olan polis əməkdaşlarının bu hərəkətləri dayandırmaq barədə onlara verdikləri tələblərə fəallar həmişəki kimi əməl etməyiblər. Halbuki, bu şəxslərin demək olar ki, hamısı polis bölmələrinin çağırışı ilə oraya könüllü və sərbəst surətdə gediblər».
***Buna da bax-Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib
Vəkil deyib ki, gənclərin saxlanması ilə bağlı daxildə şikayətləri təmin edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədirlər. O, zarafatla vurğulayıb ki, Bəhruz Həsənli artıq bu məsələdə rekorda gedir:
«Onun bu işi Avropa İnsan Hüquqları Məhkəməsində dördüncü olacaq. Artıq iki iş üzrə qərar çıxıb və kompensasiya ödənilir. Üçüncü iş üzrə kommunikasiya yekunlaşıb və yaxın zamanlarda qərarın qəbulu gözlənilir. Belə ki, kim kimi cəzalandırılıb hələ məlum deyil».
***Buna da bax-YAP-çı deputat: 'Cənab prezident humanistlik göstərib demir ki, korrupsiya iddialarını araşdırın'
Bununla belə, vəkil müəssisədə kameraların sıxlıqdan şikayətlənib:
«Binəqədidəki cəzaçəkmə müəssisəsində saxlanılanların hal-hazırda ən böyük problemi kameralardakı sıxlıqdır. İkinəfərlik kamerada 5, altınəfərlikdə 9 nəfər saxlanılır. İnsanlar yerdə yatmalı olurlar. Bu sıxlıq saxlanma şəraitinin digər amillərinə (qidalanma, sanitariya və sairə) mənfi təsir göstərir».
Vəkilin bu açıqlamasına Hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
XATIRLATMA
Milli Şurasının mitinqi ərəfəsində 7 fəal sutkalıq inzibati cəza alıb.
Onlardan bir nəfərin 10 sutka, altı nəfərin isə 15 sutka inzibati həbs cəzası aldığı bildirilir. Həmin günlər ümumilikdə 50-dən çox fəalın polisə aparıldığı deyilir. Verilən məlumatlara görə, onlardan da bəziləri 200 manatdan 50 manata kimi cərimə ediliblər.
Ancaq saxlananlarla bağlı vəkil və yaxınlarının açıqlamasına hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Sentyabrın 23-ü Milli Şura Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılmış qaydada mitinq keçirib. Aksiyanın təşkilatçıları bəyan ediblər ki, ölkədə korrupsiya baş alıb gedir və bunun başında məhz prezident İlham Əliyev dayanır.
Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də bu ittihamlara cavab veriblər. Onlar da öz növbələrində Milli Şuranın rəhbərliyini korrupsiyada günahlandırıblar. Üstəlik, deyiblər ki, aksiya sifarişi Ermənistandan gəlib.