Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti Mixail Aleksandrova qarşı Azərbaycanda cinayət işi açılıb.
Bu barədə dekabrın 19-da Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, o, dekabrın 13-də müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanın neft sənayesinin, enerji sisteminin raketlərlə bombalanması və tamamilə dağıdılmalı olması ilə bağlı açıq çağırışlar edib.
Onun Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və başqa maddələri ilə ittiham edildiyi bildirilir.
Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışı elan edilib.
Azərbaycan Baş Prokurorluğunun bu açıqlamasına, hələlik, M.Aleksandrov və Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Prezident İlham Əliyev özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MQİMO) bitirib və orada bir müddət müəllim işləyib.
Buna da bax: Azərbaycan Delyaqini beynəlxalq axtarışa veribDövlət Dumasının deputatı da axtarışa verilib
Bundan əvvəl, bu il martın 30-da Azərbaycan Baş Prokurorluğu Bakını bombalamağa çağırış etdiyi bildirilən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqini beynəlxalq axtarışa verdiklərini açıqlamışdı.
Həmin məlumata görə, M.Delyaqin martın 28-də "Rossiya 1" telekanalında Azərbaycana qarşı müharibəyə çağıraraq bu ölkənin neft sənayesinin məhvi üçün taktiki nüvə silahından istifadə ilə bağlı çıxış edib. Verilişdə Azərbaycan Qarabağda atəşkəsi pozmaqda, üçtərəfli bəyanatın müddəalarına riayət etməməkdə suçlanıb.
Kremlin sözçüsü Dmitri Peskov isə həmin vaxt demişdi ki, M.Delyaqinin Azərbaycanın neft infrastrukturunun vurulmasına çağırması Rusiya hakimiyyətinin mövqeyinə uyğun deyil.
Xatırlatma
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Bu ilin martında Qarabağda, Əsgəran rayonunun Fərrux və Pirlər kəndlərində vəziyyətin gərginləşməsi xəbərləri yayılmışdı. Regionda tanınmayan qurumun təmsilçiləri Azərbaycan silahlı qüvvələrini əraziyə girməkdə ittiham edib. Azərbaycan isə yalnız qüvvələrini dislokasiya etdiyini bəyan edib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.