Hindistanın baş naziri Narendra Modi avqustun 22-də Kiyevə “tarixi səfərinin” ərəfəsində Rusiya və Ukraynanı “sülh yolunu tapmağa” çağırıb.
Modi avqustun 22-də Polşa rəsmiləri ilə görüşmək üçün Varşavaya gəlmişdi. O Kiyevə məhz buradan yola düşəcək.
Bu, iki ölkə arasında 30 il bundan əvvəl diplomatik münasibətlər qurulandan bəri Hindistan liderinin Ukraynaya ilk səfəri olacaq.
Modidən əvvəlki baş nazir Varşavada 45 il bundan əvvəl olub.
Modi Polşa paytaxtında bəyan edib ki, Hindistan problemlərin döyüş meydanlarında deyil, dialoq və diplomatiya ilə həll olunmasına inanır.
Buna da bax: Ukrayna Rusiyaya ağır dron zərbələri endirirQərbin fərqli baxışı
Modi ötən ay Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünə görə Qərb tərəfindən kəskin tənqid edilirdi.
Hindistan baş nazirinin Moskvada olduğu saatlarda Rusiya Kiyevin ən böyük uşaq xəstəxanasına raket zərbəsi endirmişdi.
Şərhçilər bildirirlər ki, ABŞ Modinin Moskvaya iki günlük səfərindən nigaran idi, çünki Vaşinqton Nyu Delhiyə Pekinin cilovlanmasında mühüm faktor kimi baxır.
Polşanın baş naziri Donald Tusk isə Modi ilə görüşündə deyib ki, “tarix bizə qanunlara, sərhədlərə və başqalarının ərazi bütövlüyünə hörmət etmək dərsi verib”.
Modinin bəyanatında deyilir ki, o Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və onunla Ukraynada gedən müharibənin sülh yolu ilə dayandırılması yollarını müzakirə edəcək.