AzadlıqRadiosunun Moldova xidməti yazır ki, Moldova Sərhəd Polisinin rəisi Rosiyan Vasiloy vəzifəsindən azad edilib.
Bundan əvvəl Moldovanın baş naziri Dorin Reçan demişdi ki, Vasiloy vəzifəsindən noyabrın 5-də Kişinyov hava limanında baş vermiş insidentə görə kənarlaşdırılmalıdır.
Xəbər verilir ki, həmin gün Moldovaya girişinə qadağan qoyulmuş bir Azərbaycan vətəndaşı Kişinyov hava limanının təhlükəsizlik zonasından çıxararaq ölkə ərazisinə keçə bilib.
Həmin vaxt Sərhəd Polisi bildirmişdi ki, “əcnəbi Kişinyov beynəlxalq hava limanının infrastrukturundakı qüsurlardan istifadə edərək təhlükəsizlik zonasını tərk edə bilib”.
Ertəsi gün sözü gedən şəxs Kişinyovdakı Azərbaycan səfirliyinin yaxınlığında saxlanıb və Moldovadan deportasiya edilib.
Xəbərdə deyilir ki, bu, son 6 ayda Kişinyov beynəlxalq hava limanında baş vermiş ikinci böyük insidentdir.
İyunun 30-da Moldova Respublikasına girişi qadağan olunmuş bir Tacikistan vətəndaşı atəş açaraq polis nəfərini və mühafizəçini ölümcül yaralamışdı.
Bu hücuma görə Vasiloy və Sərhəd Polisinin daha 5 əməkdaşına şiddətli töhmət verilmişdi.
Vasiloy habelə bu cinayət işi üzrə təhqiqatda səhlənkarlığa yol verməkdə günahlandırılır.