36-yaşlı keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç Monteneqronun yeni prezidenti olacaq. O, ölkəni uzun müddət idarə etmiş Milo Cukanoviçi seçkinin ikinci turunda məğlub edib.
Cukanoviç aprelin 2-də axşam partiyasının paytaxt Podqoritsadakı iqamətgahında tərəfdarları qarşısında Milatoviçi təbrik edib.
Etibarlı sayılan Monitorinq və Araşdırma Mərkəzi islahatçı Milatoviçin səslərin 60, 61-yaşlı Cukanoviçin isə 40 faiz səs yığdığını açıqlayıb.
Milatoviçin tərəfdarları Podqoritsada küçələrə çıxaraq bayraqlar qaldırıb, atəşfəşanlıq edib.
Başqa bir sorğu şirkəti isə Milatoviçin səslərin 57 faizini yığdığını, seçicilərin 70 faizə yaxınının seçkiyə getdiyini bildirib.
Rəsmi nəticələrin aprelin 3-də açıqlanacağı gözlənir.
İki həftə öncə bu keçmiş-Yuqoslaviya respublikasında prezident seçkisinin birinci turunda namizədlərin heç biri üstünlük qazana bilməmişdi.
Milatoviçin qələbəsi rəsmən təsdiqlənərsə, Monteneqro iki illik siyasi qeyri-müəyyənlikdən islahatlar yoluna qayıda bilər.
Cukanoviç mayın 21-dək vəzifədə qalacaq, sonra hakimiyyət beş il müddətinə Milatoviçə keçəcək.
Monteneqroda prezidentlik daha çox protokol xarakterlidir.