Türkiyə daxili işlər naziri Ali Yerlikaya iyulun 24-də deyib ki, Türkiyə polisi Moskvada az əvvəl avtomobilin partladılmasında şübhəli bilinən rusiyalını saxlayıb.
Yerlikayanın verdiyi məlumata görə saxlanmış şəxs – Rusiya vətəndaşı Yevgeni Serebryakov Moskvada terrorçu akt törədərək avtomobili partlatmaqda şübhəli bilinir.
Nazir X platformasında yazır ki, Serebryakov Moskvadan təyyarə ilə gəlib və Türkiyə polisi tərəfindən Muğla vilayətində saxlanıb.
Yerlikayanın dərc etdiyi videoda Türkiyə polisinin bir nəfəri ağ mikroavtobusdan düşürdüyü və qollarını qandalladığı görünür.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Moskvanın şimalında avtomobilə yerləşdirilmiş qurğunun partladılması nəticəsində iki nəfər xəsarət alıb.
Rusiya Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İrina Volk deyib ki, bir kişi və bir qadın park edilmiş "Toyota Land Cruiser" avtomobilinə minəndə partlayış baş verib.
Volk həmin şəxslərin xəstəxanaya yerləşdirildiyini, cinayət işi açıldığını bildirib.
Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqələndirilən BAZA Telegram kanalının yazdığına görə, qurbanlardan birinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti olduğu güman edilir.
"Astra" Telegram kanalı ordu radiomərkəzinin rəis müavini Andrey Torqaşov və arvadının avtomobilinin partladıldığını yazır.
Daha beş park edilmiş avtomobilə ziyan dəyib.
Məlumata görə, DİN-də mümkün sui-qəsdin Torqaşovun peşəkar fəaliyyəti ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.
"Kommersant"ın yazdığına görə, partlayışla əlaqədar adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb, ancaq sonradan maddəni terakta dəyişə bilərlər.
Torqaşovun həyat yoldaşı Maya "360" telekanalına deyib ki, onun ərinə heç nə olmayıb, avtomobildə başqası olub.