Azərbaycan və Ermənistanın birgə komissiyaları Moskvada görüşüb

Moskva

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, avqustun 30-da Rusiya paytaxtı Moskva şəhərində Ermənistanla sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşü ilə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, habelə Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib: "İclasdan öncə Rusiya Federasiyası hökumətinin sədri A.Overçuk Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb, komissiyaların işinin davam etdirilməsini alqışlayıb".

Buna da bax: Brüsseldə müzakirə 'miqyaslı və mürəkkəb' olub

Bildirildiyinə görə, tərəflər təşkilati, prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar: "Üçüncü görüşün razılaşdırılmış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib".

Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyası Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki ölkənin lideri arasında aparılan danışıqların nəticəsində bu il yaradılıb. Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya isə 2020-ci il noyabrın 10-da üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmadan sonra həmin formatda aparılan danışıqların gedişində yaradılıb.

Buna da bax: Bakı ilə Yerevan Brüsseldə sülh sazişi üzrə işçi qrupun təşkilini razılaşdıra bilər

Xatırlatma

Bu il mayın 22-də Əliyevlə Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüb. Tərəflər sərhədlərin demarkasiyası komissiyasının işə başlaması üzrə razılığa gəliblər. Həmin görüşdən bir gün sonra – mayın 23-də iki ölkə liderləri sərhədlə bağlı komissiya yaradaraq onun tərkibini təsdiqləyiblər.

Komissiyaların ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədində keçirilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. O vaxtdan tərəflər arasında əsas vasitəçiliklə Rusiya məşğul olub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.