Pentaqon: ‘Moskva’ kreyserini Ukrayna raketləri vurub

"Moskva" kreyseri Sevastopol portunda (Arxiv fotosu)

Ekspertlər “Moskva” kreyserini – Rusiya hərbi-dəniz donanmasının “ən ciddi” gəmisi adlandırırdılar

Rusiya Qara dəniz hərbi donanmasının aprelin 14-də batan flaqman gəmisi “Moskva” kreyserini iki Ukrayna raketi vurub.

Bu məlumatı aprelin 15-də Pentaqonun adı çəkilməyən rəsmisi təsdiqləyib.

Rəsminin sözlərinə görə, çox güman ki, söhbət Neptun antigəmi raketlərindən gedir.

Vaşinqtonda əmindirlər ki, raket atəşləri və gəminin batması nəticəsində gəminin heyəti arasında itkilər olub.

Ölən hərbçilərin sayı barədə dəqiq məlumat yoxdur.

Beləliklə Vaşinqton bundan əvvəl, hələ aprelin 13-də gecə Ukrayna hərbiyyəsinin verdiyi məlumatı təsdiqləyib.

Buna da bax: Mariupolda şiddətli döyüşlərin getdiyi xəbər verilir

Aprelin 14-ə keçən gecə Rusiya Müdafiə Nazirliyi gəmidə yanğın baş verdiyini bildirmişdi. Bu da xəbər verilirdi ki, yanğın söndürülüb, gəmi zədələnsə də üzərliyini itirməyib.

Lakin bir neçə saatdan sonra Rusiya MN xəbər vermişdi ki, gəmi tufanlı havada təyinat portuna yedəklənərkən yolda batıb. Rusiya yanğının səbəbləri barədə də məlumat vermirdi.

Rusiya MN iddia edir ki, bir neçə yüz nəfərdən ibarət heyətin hamısı başqa gəmilərə evakuasiya olunub.

Rusiyanın TASS dövlət xəbər agentliyi mənbələrə istinadən bildirir ki, “Moskva” kreyserinin matrosları Sevastopola gətiriliblər.

Lakin bütün bunları təsdiqləyən video və fotoşəkillər yoxdur.

İlhaq olunmuş Krımdakı Sevastopolda gəmil ilə qeyri-rəsmi vidalaşma mərasimi keçirilib.

Onlarca sakin “Moskva” raket kreyserində həlak olmuş matrosların xatirəsini yad etmək üçün Rusiya donanmasının 300 illiyi abidəsinin yanında toplaşıb.

Aprelin 15-də gecə Rusiya Kiyevin Vizar hərbi zavoduna raket zərbələri endirib.

Sözü gedən Neptun raketlərinin bu zavodda istehsal edildiyi deyilir.

Fransanın AFP agentliyi zavodun dağılmış binalarının fotolarını dərc edib.

“Moskva kreyseri 1979-cu ildə Ukraynanın Nikolayev şəhərində tikilərək suya buraxılıb.

O vaxt gəmi “Slava” adlanırdı. Sovet İttifaqının ovaxtkı lideri Mixail Qorbaçov və ABŞ prezidenti ata Buş arasında 1989-cu ilin 2-3 dekabr sammiti Maltada məhz bu gəminin göyərtəsində keçirilmişdi.

Gəmi Rusiya donanmasının bayraqdarı kimi 1999-cu ildən Sevastopol portunda idi.

“Moskva” kreyserinin habelə Gürcüstana qarşı müharibədə və Suriya kampaniyasında iştirak etdiyi bildirilir.

Gəmi Ukraynaya müdaxilənin ilk günündə fevralın 24-də Zmeyinı adasının işğalında iştirak etmiş və bundan az əvvəl bir Ukrayna sərhədçisi gəminin “təslim olun” komandasına, çox təhqiramiz cavab vermişdi.

Buna da bax: Rusiya büdcəsində hərbçilərin dəfn xərclərinin artırılacağı gözlənilir

'Moskva' gəmisi batdı

Rusiya Müdafiə Nazirliyinin aprelin 14-də, axşam yaydığı bəyanatda deyilir ki, Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi - flaqmanı - “Moskva” raket kreyseri batıb:

“Kreyser təyinat portuna yedəklənərkən gövdəsində yanğın və sursatın partlayışından yaranmış zədələrə görə üzərliyini itirib. Gəmi dənizdəki qasırğalı hava şəraitində batıb”.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Moskva kreyserinin göyərtəsində yanğın baş verdiyi və ardınca gəmidəki sursatın partladığını xəbər vermişdi.

Bu da qeyd olunurdu ki, gəminin ciddi zədələr almasına baxmayaraq əsas raket qurğusuna ziyan dəyməyib və heyət tam şəkildə evakuasiya edilib.

Məlumatda yanğının səbəbi bildirilmirdi.

Nazirlik əvvəlcə bunu da bildirmişdi ki, gəmi üzərliyini saxlayıb və onun porta yedəklənməsi üçün tədbirlər görülür.

Gəminin yedəklə hara aparılacağı və yanğının harda baş verdiyi bildirilmirdi. Bundan əvvəl gəmini aprelin 10-da Sevastopolda görmüşdülər.

Donanmanın ən yaxşı gəmisi

Pentaqonun sözçüsü Con Körbi də gəminin üzmə qabiliyyətini saxladığını və təmir üçün ehtimalən Sevastopola aparlıldığını demişdi.

Körbi bunu da əlavə etmişdi ki, Pentaqon hələlik kreyserin raketlə vurulduğuna dair xəbərləri təsdiqləyə bilmir.

Lakin o demişdi ki, “Moskva” gəmisində bir, amma çox güclü partlayışın olduğu məlumdur.

Pentaqon sözçüsü bunu da bildirmişdi ki, insident baş verən zaman “Moskva” kreyseri onu əhatələyən başqa Rusiya gəmiləri ilə birlikdə Odessa şəhərinin 96 kilometrliyində olub.

Ekspertlər “Moskva” kreyserini – Rusiya hərbi-dəniz donanmasının “ən ciddi” gəmisi adlandırırdılar.

Rusiya Ukraynanı onun ərazisini vurmaqda ittiham edir

Rusiyada Bryansk vilayətinin hakimiyyət orqanları Klimovo qəsəbəsinin atəşə tutulduğunu və sakinlər arasında xəsarət alanların olduğunu bildirib.

Vilayətin qubernatoru Aleksandr Boqomaz hadisəyə görə Ukrayna Silahlı Qüvvələrini ittiham edib.

O özünün Telegram-kanalında iki evə ziyan dəydiyini yazıb.

Klimovo xəstəxanasının qəbul şöbəsinin nümayəndəsi TASS agentliyinə hücum nəticəsində hamilə qadın və uşaq da daxil olmaqla 7 nəfərin yaralandığını bildirib.

Ruisiya İstintaq Komitəsinin məlumatında deyilir ki, zərbələr Ukrayna Silahlı Qüvvələrinin iki döyüş helikopteri tərəfindən endirilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna Rusiya ilə 9 dəhliz barədə razılığa gəlindiyini deyir

Cinayət işi

Komitənin hadisə ilə bağlı cinayət işi qaldırdığı deyilir. Bu cinayət işi üzrə Ukrayna hərbçiləri “Rusiya Federasiyası rəhbərliyinin xüsusi əməliyyatın dayandırılmasına məcbur edilməsi məqsədi ilə qəsddə” ittiham olunur.

Sosial şəbəkələrdə yayılmış videoda bir neçə evin yandığı görünür, lakin çəkilişin harda, nə vaxt və kim tərəfindən aparıldığı məlum olmur.

Klimova Ukrayna sərhədinin 10 kilometrliyində yerləşir.

Kiyev hədəyə hədə ilə cavab verib

Aprelin 14-də habelə Belqorod vilayətinin rəhbərliyi Ukrayna tərəfdən Spodaryuşino kəndinin vurulduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.

Elə həmin gün FTX-nin yaydığı xəbərdə deyilir ki, Ukrayna tərəfi Bryansk vilayətindəki “Novıye Yurkoviçi” sərhəd məntəqəsini atəşə tutub.

Ukrayna tərəfi bu xəbərləri şərh etməyib.

Bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi Ukraynanı Rusiya ərazisini atəşə tutmaqda ittiham etmişdi.

Nazirlik bildirirdi ki, belə hallar təkrar olunarsa Rusiya Ukraynada, Kiyev də daxil “qərarların qəbul olunduğu mərkəzlərə” zərbə endirə bilər.

Ukrayna prezidentinin xüsusi nümayəndəsi bu hədələrə cavab olaraq bildirib ki, Kiyevin də cavab zərbələri üçün ixtiyarında imkanlar var və Moskva şəhəri bu mənada istisna təşkil etmir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya ordusu Xarkovun yaşayış məhəlləsinə minalar səpib

Ukrayna ‘Moskva’ kreyserini vurduğunu bildirir

İrlandiyanın Xarici işlər naziri Simon Koveney aprelin 14-də Kiyevə səfəri zamanı Ukraynaya siyasi, təhlükəsizlik və humanitar dəstəyi, Kiyevin Avropa İttifaqı üzvlüyünə namizəd statusu almaq üçün müraciətində yardımı müzakirə edir. Həmçinin Aİ-nin Rusiyaya əlaqə sanksiyaları, “Rusiyanın qəddar və əsassız işğala görə məsuliyyətə cəlb olunması” müzakirə mövzusudur.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropanın digər ölkələrinin də təhlükəsizlik sarıdan əndişələnməsinə səbəb olub. İsveçlə Finlandiya aprelin 13-də bildiriblər ki, bir neçə həftəyə NATO-ya üzv olmaq üçün müraciət edə bilərlər.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Prezident Vladimir Putinin yaxın müttəfiqlərindən Dmitri Medvedev aprelin 14-də xəbərdarlıq edib ki, iki Skandinaviya ölkəsinin belə bir addımı “nüvəsiz” Baltik regionu konsepsiyasının sonu olar.

Buna da bax: Rusiya əsgərlərinin 14 yaşlı qızı zorladığı deyilir

"Sürpriz"

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç “Moskva”da “sürpriz baş verdiyini” söyləyib.

Bu kreyser Rusiyanın Ukraynanın Odessa sahil şəhərinə mümkün desant hücumu planlarının əsas hissəsi hesab olunurdu.

“Moskva” daha öncə Suriya münaqişəsində Rusiya qüvvələrinin Xmeimim hava bazası üçün donanma mühafizəsini təmin edib.

Mariupol şəhərində isə ağır döyüşlərin getdiyi, Rusiya qüvvələrinin bu strateji şəhərə tam nəzarət etməyə çalışdığı xəbərləri gəlir.

***

Ukrayna bu günə 9 humanitar dəhliz razılaşdırıldığını deyir

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib ki, aprelin 14-də bir neçə şəhərdən, o cümlədən Mariupoldan dinc sakinlərin evakuasiyası üçün Rusiya ilə 9 humanitar dəhliz razılaşdırılıb.

Digər marşrutlar Berdyansk, Tokmak və Enerhodardan, eləcə də şərqi Luqansk vilayətindən açılmalıdır. Ancaq sonuncu halda marşrut yalnız işğalçı Rusiya qüvvələri atışmanı dayandıracağı halda işləyə bilər.

Buna da bax: Mariupoldan ‘ancaq tankla çıxmaq olar’

Ukrayna Mariupolda onminlərlə insanın öldürüldüyünü deyir, Rusiyanı şəhərə yardım buraxmamaqda suçlayır.

Aprelin 8-də Donetsk regionundakı Kramatorsk şəhərində dəmiryolu vağzalına raket zərbəsi onlarla insanın həyatına son qoyub. Hücum vaxtı vağzal döyüş zonasından çıxmağa çalışan qadın, uşaq və yaşlılarla dolu idi.

Rusiyanın Ukraynaya qarşı fevralın 24-də başlatdığı səbəbsiz müharibə bu ölkənin 44 milyonluq əhalisinin təxminən dörddə birini evindən didərgin salıb, minlərlə insan öldürülüb, yaxud yaralanıb, şəhərlər dağıdılıb.

***

Rusiya fevralın 14-də Qara Dəniz donanmasının kreyserində partlayışın baş verdiyini, gəmiyə ciddi ziyan dəydiyini, heyətin təxliyə olunduğunu bildirib. Ukrayna rəsmisi gəminin raketlə vurulduğunu deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva raket kreyserində yanğın sursatın partlamasına səbəb olub, “Interfax” xəbər agentliyi bildirib.

Nazirlik yanğının səbəbini açıqlamayıb. Amma Qara dəniz sahilindəki Odessa vilayətinin qubernatoru Maksim Marçenko kreyserin Ukrayna istehsalı iki Neptun gəmi əleyhinə qanadlı raketlə vurulduğunu deyib.

Buna da bax: ABŞ Ukraynaya ağır silahlar göndərməyə başlayır

“Qara dəniz qoruyan Neptun raketləri çox ağır ziyan törədib”, – o, Telegram postunda yazıb.

Ukrayna müdafiə nazirliyi, hələlik, məsələni şərh etməyib.

Müharibənin əvvəlində “Moskva” gəmisindən strateji İlan adasındakı Ukrayna sərhədçilərinə təslim olmaq çağırış edilmişdi. Amma onlar imtina etmişdilər.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan artıq ikinci böyük gəmisinə ziyan dəyir. Ötən ay Ukrayna Azov dənizində Orsk desant gəmisini dağıtdığını bildirmişdi.