Moskva Belarusda silahlı əsgərlər tərəfindən həbs edilmiş 33 rusiyalı muzdlunun hələ də saxlanması ilə bağlı Minski üstüörtülü şəkildə hədələyib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş baş nazir Dmitry Medvedev avqustun 5-də deyib ki, bu insidentin ikitərəfli münasibətlər üçün çox ağır nəticələri ola bilər.
Medvedevin bu bəyanatı Belarusda Alyaksandr Lukashenka üçün həlledici əhəmiyyəti olan prezident seçkisinin ərəfəsinə təsadüf edir.
Bu seçkidə namizədliyini 6-cı dəfə irəli sürmüş Lukashenka hakimiyyətini nəyin bahasına olursa olsun uzatmağa çalışır.
Buna da bax: Belarus seçkiyə Rusiya müşahidəçilərini dəvət etməyib
“Xırda pul” söhbəti
Medvedev deyib ki, Belarus rəhbərliyi ikitərəfli bağları “seçki kampaniyasında xırda pula” qurban verib:
"Bu nəinki təhqiramizdir, hətta çox kədərlidir. Və bunun çox ağır nəticələri olacaq”.
Muzdluların həbsi və onların Belarusda olması 9 avqust seçkisindən əvvəl Moskva və Minsk arasında gərginliyi son həddinə çatdırıb.
Lukashenka hazırda 26 illik prezidentliyinin ən çətin sınağı ilə üzləşib.
Ölkədə minlərlə vətəndaş bu seçkidə Lukashenka-ya rəqib namizədi dəstəkləmək üçün izdihamlı mitinqlərə çıxır.
Belarus hakimiyyət orqanları həbs edilmiş Rusiya muzdlularını iğtişaşlar törətmək cəhdində ittiham edir.
Buna da bax: Putin bu seçkidə Lukashenka-nı dəstəkləməyəcək?
“Rəngli inqilab” ittihamı
Rusiya muzdluların dərhal buraxılmasını tələb edir və bildirir ki, bu adamlar Belarusa yalnız tranzit məntəqəsi kimi gəlmişdilər, amma təyyarələrinə gecikdiklərindən orada qalıblar.
Avqustun 4-də etdiyi çıxışında Lukashenka Rusiyalı muzdlu əsgərləri Belarusda “rəngli inqilab” yaratmaq cəhdində ittiham edib.
Belarusda saxlanmış rusiyalıların Kremlə bağlı oliqarx Yevgeny Prigozhin-in Vagner özəl hərbi şirkətinin muzdlu döyüşçüləri olduğuna inanılır.
Prigozhin 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham edilir və Vaşinqtonun sanksiya sihayhısına salınıb.