Moskvada üçtərəfli işçi qrupun iclası keçirilib

Baş nazir müavinləri (soldan sağa) Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayev

Moskvada uyunun 2-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli İşçi Qrupun iclası keçirilib.

Rusiya hökumətinin saytında dərc olunan məlumata görə, “görüş konstruktiv atmosferdə keçib”.

Bildirildiyinə görə, Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin açılmasının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Habelə vurğulanır ki, dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı “ümumi anlaşma” əldə olunub.

Açıqlamaya görə, danışıqların nəticələri barədə Azərbaycan , Ermənistan və Rusiya rəhbərlərinə məlumat veriləcək.

“Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”, məlumatın yekununda bildirilir.

Buna da bax: Paşinyan: 'Biz Ukrayna müharibəsində Rusiyanın müttəfiqi deyilik'

Bundan əvvəl

Bundan əvvəl, mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olmuşdu.

Orada yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin görüşü ilə bağlı razılıq əldə edildiyi açıqlanmışdı.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.