Moskvada avtomobil partlayışında şübhəli bilinən şəxs Türkiyədən Rusiyaya aparılıb

Moskvanın şimalında baş vermiş partlayış qurbanlarının kimliyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır

İyulun 24-də Moskvada iki nəfərin yaralanması ilə nəticələnən avtomobil partlayışında şübhəli bilinən şəxs Türkiyədən Rusiyaya ekstradisiya olunub. Bunu Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk iyulun 26-da deyib.

Moskvanın şimalında baş vermiş partlayışda yaralılardan birinin yüksək rütbəli hərbi kəşfiyyat zabiti olduğu bildirilir. Ancaq hər iki qurbanın kimliyi ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır.

Partlayışı törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı Yevgeni Serebryakov iyulun 24-də, partlayış baş verən gün Egey dənizi sahilindəki Bodrum kurortuna çatan kimi Türkiyə polisi tərəfindən saxlanılıb. Açıqlamanı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.

Hadisə qurbanlarının kimliyi

Volk isə Telegram-da yazıb ki, Serebryakovun saxlanması və ekstradisiyası Rusiya və Türkiyənin hüquq-mühafizə agentliklərinin əməkdaşlığı, Interpol kanallarının koordinasiyası sayəsində mümkün olub.

“Bu gün Serebryakov Rusiyaya gətirilərək İstintaq Komitəsinin müstəntiqlərinə təhvil verilib”, -- Volk bildirib.

Nə İstintaq Komitəsi, nə də Daxili İşlər Nazirliyi partlayışda xəsarət alanların kimliyini açıqlayıb. Yalnız onu bildiriblər ki, Moskvanın Sinyavinskaya küçəsində baş vermiş insidentlə bağlı cinayət işi, ekspertiza təhqiqatı başladılıb.

Rusiya mediasının yazdığına görə, hadisənin qurbanları 49 yaşlı Andrey Torqaşov və həyat yoldaşı olub. Hərbi peyk-kommunikasiya radio mərkəzinin rəis müavini olan Torqaşovun Rusiyanın Ukraynanı işğalında iştirak etdiyi bildirilir.

Ancaq özünü Torqaşovun həyat yoldaşı kimi təqdim edən Maya adlı xanım 360 Telegram kanalına deyib ki, partlayış baş verəndə nə o, nə də həyat yoldaşı maşında olub.

İstintaqın ilkin versiyası nə deyir

İyulun 26-da MSK1.ru xəbər saytının Telegram kanalında yerləşdirilmiş təsdiqlənməmiş videoda isə Serebryakov kimi təqdim edilən əli qandallı şəxs deyir ki, Ukraynanın gizli xidmətləri ona “Moskvada bir zabiti partlayışda öldürmək qarşılığında Ukrayna vətəndaşlığı və 10 min – 20 min dollar vəd olunub”.

Videonun həqiqi olub-olmadığını müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Moskovski komsomolets” daha öncə yazırdı ki, “istintaqın ilkin versiyasında Ukrayna xüsusi xidmətləri və agentlərinin mümkün əlaqəsi də nəzərdə tutulur”.

Rusiya 2022-ci ilin fevralənda Ukraynanı işğal etməyə başlayndan Rusiyanın bir sıra ordu zabitləri, kremlpərəst ictimai xadimlər və blogerlər bomba hücumları ilə hədəfə alınıb.

Rusiya mediası 29 yaşlı Serebryakovun Volqoqrad vilayətinin Uryupinsk şəhərində doğulduğunu yazır.