Bakının işğal olunmuş Ukrayna ərazilərində keçirilən seçkiləri tanımaması ilə bağlı bəyanatı ilə əlaqədar Rusiya diplomatik kanallar vasitəsilə Azərbaycana demarş edib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 13-də keçirilən brifinq zamanı deyib.
Sentyabrın 9-da Azərbaycan XİN Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in heç bir qanuni qüvvəsi olmadığını bildirib.
Zaxarovanın sözlərinə görə, belə qiymətləndirmələr qəbuledilməzdir: "Belə qiymətləndirmələr ölkələrimiz arasında müttəfiq münasibətlərinin səviyyəsi ilə uyğun gəlmir... Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Hansı ki, burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir".
Buna da bax: Azərbaycan Rusiyadan təhlükəni haradan gözləsin...Sentyabrın 8-10-da Rusiya Ukraynanın işğal altında olan dörd vilayətində (Donetsk, Luqansk, Zaporojye və Xerson) "regional parlamentlərə deputat seçkiləri" keçirib.
Xatırlatma
Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə silahlı hücuma keçib. Eyni zamanda, Ukraynanın işğal etdiyi dörd vilayətini özünə birləşdirdiyini elan edib. 2014-cü ildə də Rusiya Ukraynanın Krım ərazisini ilhaq etmişdi.
ABŞ və dünyanın əksər ölkələri Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Ötən il fevralın 22-də Moskvada iki ölkənin dövlət başçıları "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb. Bəyannamədə siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.