İsrailin "Mossad" xarici kəşfiyyat idarəsinin başçısı yanvarın 3-də deyib ki, İsrailə 7 oktyabr hücumunda iştirak etmiş HƏMAS radikal qruplaşmasının hər bir üzvü, harada olmasından asılı olmayaraq, məhv ediləcək. Bu bəyanatdan bir gün öncə qruplaşma başçısının müavini Beyrutda İsrailin endirdiyi güman edilən zərbədə həlak olub.
ABŞ və Aİ HƏMAS-ı terrorçu sayır.
İsrail qətli gerçəkləşdirməsi haqda məlumatları şərh etməyib. Amma AP yazır ki, David Barneanın dedikləri Təl-Əvivin bu zərbənin arxasında durmasına ən güclü əlamət sayıla bilər.
O, 1972-ci il Münhen Olimpiadasındakı qətllərlə müqayisə aparıb. O zaman "Mossad" agentləri israilli atletlərin qətlində əli olan fələstinli silahlıları izləyərək öldürüb.
Yanvarın 2-də Livan paytaxtında HƏMAS-ın aparıcı üzvü Saleh Arurinin qətlindən sonra İsrail istənilən ssenariyə hazır olduğunu bildirib. Aruri təxminən üç aydır davam edən Qəzza müharibəsində öldürülmüş ən yüksək rütbəli HƏMAS üzvüdür.
"Hizbullah" qruplaşmasının Beyrutun cənubunda yerləşən qərargahına zərbə isə Livan sərhədində ara-sıra döyüşlərin tammiqyaslı müharibəyə çevrilməsinə səbəb ola bilər.
"Hizbullah" lideri Həsən Nəsrallah yanvarın 3-də axşam çıxışında intiqam vəd edib.
İsrail Qəzzanı HƏMAS-ın hücumundan sonra bombalamağa başlayıb. Həmin hücumda min 200 nəfər öldürülüb, 240 nəfər girov götürülüb. Girovların bir qismi hələ də buraxılmayıb.
Qəzza müharibəsi başlayandan "Hizbullah" və İsrail ordusu İsrail-Livan sərhədi boyunca az qala hər gün atışır. Nəsrallah eskalasiyaya getməyə o qədər də meylli olmayıb. Ancaq, eyni zamanda, "Hizbullah" müttəfiqi HƏMAS-a dəstək göstərmək üçün təzyiq altındadır.
Hazırda Qəzzanın mərkəzində və cənubdakı Xan Yunis şəhərində ağır döyüşlər gedir.