Avqustun 7-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərdə təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısını yayıb. MSK seçicilərlə açıq və qapalı yerlərin siyahısını saytında da dərc edib. Siyahı ilə tanışlıqdan bəlli olur ki, ümumilikdə 5 min 113 görüş yeri ayrılıb, onlardan 3 min 259-u açıq, 1854-ü isə qapalıdır.
“Yeni ayrılan yerlərin əvvəlki seçkilərlə müqayisədə təşviqat üçün əlverişli olub-olmaması” barədə suala cavablar birmənalı deyil.
“Böyük şəhərlərdə yerlərlə bağlı müsbət heç nə söyləmək mümkün deyil”
Müsavat Partiyasının Seçki Qərargahının sədri Gülağa Aslanlı AzadlıqRadiosuna açıqlamasında deyib ki, MSK-nin qərarında anlaşılmazlıq var. G.Aslanlının vurğulamasına görə, Bakının iki rayonunda bəzi seçicilər üçün eyni yerlər hazırlanıb. Onun fikrincə, namizədlər mövcud durumda əsasən məhəllə görüşlərinə üstünlük verməli olacaqlar:
“Bu da müəyyən problemlərin yaranmasına şərait yaradacaq. Bir sözlə, MSK-nın böyük şəhərlərdə seçicilər ilə görüşlər üçün ayırdığı yerlərlə bağlı müsbət heç nə söyləmək mümkün deyil. Yayın bu istisində insanları üstüaçıq stadionlara dəvət etməyin özü belə seçicilərə hörmətsizlik olar".
MSK-nin Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli isə ayrılan yerlərin dairə komissiyalarına təqdim edildiyini və bütün yerlərin ödənişsiz olduğunu vurğulayır:
"Sadəcə, dairə komissiyalarını məlumatlandırmaq lazımdır ki, görüşlər bir-biri ilə üst-üstə düşməsin".
Sizin brauzer HTML5-i dəstəkləmir
“Ciddi dəyişiklik olmayıb"
Şahin Əsədli bildirir ki, əvvəlki seçkilərdə də qayda bu cür olub: "Bu dəfə yerlərin sayında müəyyən dəyişiklik ola bilər, əvvəlki seçkilərdə az idi, indi çoxdur. Yəni ciddi dəyişiklik olmayıb".
"Mənim səsim koalisiyası"nın nümayəndəsi Novella Cəfəroğlu isə MSK-nin bu dəfə yaxşı işlədiyi qənaətindədir:
"Bildiyim odur ki, komissiya seçki qanunvericiliyinə uyğun bu işləri görür, məcəllədə də seçicilərlə görüş üçün yer məsələsində dəyişiklik olmayıb. Siyahıya baxdığım üçün deyə bilərəm ki, normal yerlərdir. Mənim istəyim, səsvermə günü müxalif namizədlərə maneçilik olmasın".
“Qanunla tənzimlənməlidir”
“Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov isə məsələyə tamam fərqli yöndən yanaşır. O əvvəlcə qeyd edir ki, açıq və qapalı yerlər ümumilikdə götürdükdə azdır:
“Sonuncu, 2020-ci il parlament seçkilərində də bu yerlərin sayı az olub və həmişə də seçkiyə iddialılar tərəfindən narazılıqlar ifadə olunub”.
H.Həsənov əlavə olaraq hesab edir ki, açıq, qapalı yerlərin müəyyən edilməsi sərbəst toplaşma azadlığının və seçki kampaniyasının mahiyyəti baxımından düzgün deyil:
“Əvvəla, bu yerlərin ayrılmasına ehtiyac yoxdur və daha çox “Sərbəst toplaşma azadlığı haqqında” qanunla tənzimlənməlidir. Yəni, bu məsələ müvafiq qanunun məzmunundan irəli gəlməlidir. Əgər bu cür yanaşma olsa, seçkiyə iddialılara da, seçicilərə də daha çox imkanlar yaradılmalıdır. Sadəcə, bəzi yerlərlə bağlı kiçik məhdudiyyətlər ola bilər. Qalan yerlərdə isə müvafiq dövlət qurumlarını xəbərdar etməklə seçicilərlə görüşlər keçirmək olar. Ona görə gələcəkdə bu cür məsələlər seçki qanunvericiliyində və seçki praktikasında öz əksini tapmalıdır”.
Avqustun 9-da seçkiqabağı təşviqatın başlanmasına start veriləcək. MSK bildirib ki, avqustun 31-də saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Xatırlatma
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri olacaq. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edildi.
Beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda isə YAP bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Sonradan vaxtından 6 ay keçirilən seçkilərdə əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi tənqidinə səbəb oldu.