Həyat yoldaşlarının telefonlarına izləmə tətbiqi quraşdırıblar

mSpy

Ukrayna şirkətinin hazırladığı "mSpy" tətbiqini minlərlə rusiyalı istifadə edib. Əslində bu tətbiq mobil cihazlar və kompüterlərdə uşaqlara valideyn nəzarəti üçün yaradılıb, ancaq bəlli olub ki, bir çoxları onu gizlicə həyat yoldaşlarının telefonlarına yerləşdiriblər.

2024-cü ilin iyununda "mSpy" dəstək xidmətinin databazası internetə sızıb. Databazada yüz minlərlə elektron poçt ünvanı, telefon nömrələri, digər şəxsi məlumatlar vardı.

Rusca yazılmış azı 2 min 500 dəstək xahişində istifadəçilər ya tətbiqin silinməsini istəyirlər, ya da xəyanətdən şübhələndiklərini dilə gətirirlər.

AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma layihəsi Rusiyanın hüquq-mühafizə orqanlarının "mSpy"dan istifadə etmədiyini üzə çıxarıb. Bircə yerdə Rusiya hökumətinin adı keçir. Başqırdıstanda kənd kitabxanasından göndərilən e-mail-də xidmətin keyfiyyətindən şikayət, hüquqi addım atılacağı barədə təhdid yer alır.

"mSpy" çex şirkətinə mənsub olduğunu bildirsə də, sızmada onun arxasında Ukrayna şirkətinin durduğu bəlli olur. Həmin şirkətin "Brainstack_" olduğu müəyyənləşib. Şirkət özü bunu təkzib edib, "Ukrayna ordusuna dəstək verən Ukrayna biznesinə qarşı informasiya hücumu" olduğunu iddia edib.