'Telefonlar E.Mahmudovun tələbnaməsi əsasından dinlənilib'

Eldar Mahmudov

«Biz telefonları nazir Eldar Mahmudovun imzaladığı tələbnamə əsasında dinləmişik. Bizə konkret siyahı verilib və həmin siyahıda olan nömrələr dinlənilib. Tağı Əhmədovun telefonu da nazirin tələbnaməsi əsasında dinlənilib».

MTN-nin Monitorinq Mərkəzinin hazırda həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyev məhkəmədə belə deyib. O, dekabrın 28-də həbsdə olan başqa bir general - MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun məhkəməsində şahid kimi dindirilib.

Çovdarov, eləcə də onun tabeliyində işləmiş üç nəfər - Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Buna da bax-Çovdarov Tağı Əhmədovdan 3 milyonu haradan aldığı ilə maraqlanıb

MTN-çilərin işi üzrə əvvəlki məhkəmə iclasları kimi, yenə də media nümayəndələrinin prosesi izləməsinə imkan verilməyib.

RÜSTƏM USUBOV DA MÜRACİƏT EDİBMİŞ

Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlamasında bildirib ki, Teymur Quliyev məhkəmədə heç bir qanun pozuntusuna yol vermədiyini və təlimat əsasında fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, kimlərinsə telefonunu dinləmək üçün məhkəmə qərarına ehtiyac olmayıb, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun imzaladığı tələbnamə kifayət edib.

General bildirib ki, kimlərinsə telefonlarının dinlənilməsindən ötrü vaxtaşırı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi də onlara müraciət edib, həmin telefon danışıqları da eyni qaydada dinlənilib.

Akif Çovdarov

Məhkəmədə Akif Çovdarov da bu məsələ barədə fikir bildirib. O da təsdiqləyib ki, müəyyən şəxslərin danışıqlarının dinlənilməsi üçün müxtəlif dövlət orqanlarından onlara müraciətlər olub. Çovdarov bu məqsədlə müraciət edənlər sırasında Baş prokurorun birinci müavini Rüstəm Usubovun da adını çəkib. Deyib ki, açılmayan cinayət işlərinin araşdırılması üçün birgə fəaliyyət göstərilərkən telefon danışıqları dinlənilib: «Bu zaman da nazirin tələbnaməsi ilə MTN-nin Monitorinq İdarəsi danışıqları dinləyirdi».

Buna da bax-MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

Akif Çovdarovun sürücüsü Nurxan Atakişiyev də bu gün məhkəmədə şahid kimi ifadə verib. O, Çovdarovun məhkəməsində bundan əvvəl də dindirilmişdi. O, hələ də Dövlət Təhlükəsizliyi Xidmətində sürücü işləyirdi. Bu gün bəlli olub ki, ötən dindirmədən sonra onu işdən çıxarıblar.

YAYDA «NISSAN», QIŞDA «LAND ROVER»

Nurxan Atakişiyev «Bakı Metropoliteni»nin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon alınması epizodu üzrə dindirilib. İttihama görə, Tağı Əhmədovun oğlu Ruslanla qardaşı oğlu Əli MTN-nin binası yaxınlığında görüşüb, çantada pulu Akif Çovdarova verərkən sürücü Nurxan da generalın yanında maşında olub. Tağı Əhmədovun oğlu və qardaşı oğlu ifadələrində belə deyiblər. Amma Nurxan Atakişiyev məhkəmədə onların yalan danışdığını bildirib. Qeyd edib ki, istintaq zamanı Əli Əhmədovla üzləşdirilərkən Tağı Əhmədovun qardaşı oğlu onu tanımayıb: «Müstəntiq ona dedi ki, Akif Çovdarovun sürücüsüdür, adı Nurxandır».

Tağı Əhmədov

Sürücünün sözlərinə görə, Əli və Ruslan Əhmədovların ifadələrində maşınla bağlı dedikləri də səhvdir. O qeyd edib ki, yay aylarında «Nissan»ı, qışda «Land Rover»i sürüb. Çünki «Land Rover» hündür olduğundan Çovdarov minib-düşəndə çətinlik çəkirmiş. Tağı Əhmədovdan aprel ayında pul alındığı iddia olunur və onun yaxınları pul olan çantanı «Land Rover»də Çovdarova verdiklərini deyir. Nurxan Atakişiyev isə o zaman «Nissan» sürdüyünü, Əhmədovların yalan danışdığını bildirir.

Məhkəmə prosesi davam edir.

XATIRLATMA

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.