'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

Sabiq MTN-nin baş qərargahı

MTN-dəki vəzifəli şəxslərlə bağlı cinayət işindən görünür ki, böyük pullar almaq üçün həbslə hədələnənlər, əsasən, biznes adamlarıdır.

Pulu vermək istəməyəndə həbs olunduğunu, tələbi yerinə yetirəndən sonra azadlığa buraxıldığını deyənlərin də çoxu biznesmendir. Amma... MTN-ə çağrılıb orada saxlanılanlar arasında yüksək vəzifəli polislər də olub. Məsələn, Sabunçu rayonu, 13-cü polis bölməsinin rəisi Vüqar Qurbanov kimi. O, fevralın 16-da MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun məhkəməsində ifadə verib.

Vüqar Qurbanov dindirilməzdən öncə bilinib ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyev də məhkəməyə çağrılıb, amma sağlıq durumu yaxşı olmadığından, gələ bilməyib.

Buna da bax:​ Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

Vüqar Qurbanov dəfələrlə MTN-də səhərdən axşamadək qanunsuz saxlanıldığını, hədə-qorxu ilə atasından pul alındığını desə də, o bu iş üzrə şahid qismində tanınıb. Düzdür, atası Akif Qurbanov zərərçəkmişdir.

Polis rəisi MTN müstəntiqinə 1 milyon manat verdiyini deyir

Vüqar Qurbanov deyir ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını söyləyib. Ardından telefonu söndürülüb. Axşam atası yenə başqa bir nömrə ilə əlaqə saxlayıb, onu MTN əməkdaşlarının tutduğunu, buraxmaq üçün pul istədiklərini deyib: “Soruşdum ki, nə məsələdir? Dedi ki, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər, yeyib-dağıdıblar. Daha doğrusu, atamı belə ittiham ediblər. Bundan sonra atamın ölkədən çıxışına “stop” qoyulduğunu bildirib, buraxıblar”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': `Müstəntiqin 'Vinçester'ə gözü düşdü...'

Oğlunun dediyinə görə, Akif Qurbanov MTN-dən buraxılandan sonra ölkədən gedib. Amma MTN əməkdaşları onu yaddan çıxarmayıb. Bir neçə gün sonra hazırda hakim önünə çıxarılan müstəntiq Vüsal Ələkbərov zəng eləyib, oğlundan atasının yerini soruşub: “Dedim ki, xaricə gedib. Vüsal mənim özümü MTN-ə çağırdı, orada mənə hədə-qorxu gəlməyə başladı, gün ərzində məni orada saxladı. Dedi ki, atam gəlməsə, məni həbs eləyəcəklər. Soruşdum ki, atamla nə işiniz var, cavab verdi ki, özü bilir. Bundan sonra yenə də 2-3 dəfə məni MTN-ə çağırıb, izahat, ifadə almadan axşamadək saxladılar”.

Vüqar Qurbanovun sözlərinə görə, MTN əməkdaşlarının əl çəkmədiyini görən atası ölkəyə qayıdıb, ondan tələb olunan 1 milyon manatı düzəldiblər. Vüqar Qurbanov deyir ki, o pulu 2013-cü il yanvarın sonunda özlərinə məxsus klinikanın yanında şəxsən Vüsal Ələkbərova verib: “Pul mənim maşınımda idi. Öz maşınımdan götürüb Vüsalın maşınına qoydum. Amma onun hansı maşınla gəldiyini xatırlamıram”.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

O, 1 milyonu necə topladıqlarını da danışıb: “Əmimdən 300 min manat, yeznəm Emindən 200 min manat aldım. Atamla birlikdə tikdirdiyimiz binaların satışından əldə olunan 200 min manatı da verdim. Qalan pulu atam özü düzəltdi”.

Vüqar Qurbanov deyir ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyevlə əlaqələri olmayıb, sadəcə, o bankdan iş görmək üçün kredit götürüblər.

“Polis rəisi ola-ola, niyə şikayət eləməmisən?”

Dindirmə zamanı o da məlum olub ki, 2013-cü ildə MTN-lə bağlı başlarına gələndən bir neçə ay sonra 13-cü bölmənin rəisi vəzifəsindən azad edilib. Dediyinə görə, öz ərizəsi ilə polis orqanlarından xaric olunub, hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Buna da bax:​ 'Respublikanski'nin keçmiş baş həkiminin oğluna 10 il həbs istənildi

Vüqar Qurbanovun ifadəsi başa çatandan sonra həbsdəki müstəntiqin vəkilləri soruşub ki, bölmə rəisi kimi məsul bir postu tutduğu halda, niyə belə ağır cinayət haqqında heç yerə şikayət eləməyib? Onun cavabı belə olub: “O vaxt MTN-dən böyük yer vardı? Oradan da bizi şantaj edir, hədə-qorxu gəlirdilər. Biz hara müraciət etməliydik?”.

Vüsal Ələkbərovun müdafiəçisi sabiq polis rəisinə xatırladıb ki, o, ən azı, ağır cinayətin gizlədilməsinə görə məsuliyyət daşıyır.

Vüqar Qurbanov deyir ki, MTN-in İstintaq İdarəsi rəisinin müavini Təhsin Ağayevi tanıyırmış. MTN-ə çağrılanda onu İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev qəbul eləməli idi, amma işlərinin çox olduğunu deyib, qəbul etməyib: “Məni Təhsin Ağayev dinləsə də, bir söz demədi. Sonra mənim otaqdan çıxarılmağım haqda göstəriş verdi”.

Buna da bax:​ Həbsdəki MTN polkovniki insult keçirib

Bir müddət MTN-in istintaq təcridxanasında saxlanılandan sonra 2 milyon manata verib azadlığa buraxıldığını deyən zərərçəkən Hüseyn Səfərovla bağlı məsələ araşdırılarkən Vüsal Ələkbərov deyib ki, o, heç kimdən pul almayıb, haqqında deyilənlər yalandır. Keçmiş müstəntiqin sözləri zərərçəkən Hüseyn Səfərovu əsəbləşdirib: “Bizdən pulu şəxsən Vüsal Ələkbərovun özü MTN-in yanında, küçədə alıb. Adamın kişiliyi, qüruru olar. Etibar Əliyev bura gəlsin, onunla çox söz-söhbətimiz açılacaq. Dövlət Sərhəd Xidmətinin bank hesabında olan 8-10 milyon manatı bankda talayıblar, sonra da Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya atdılar ki, dövlətin pulları ilə bağlı məsələ ört-basdır olsun. Mövlam Şıxəliyev niyə gizlənir? Bu adam general olsa da, dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, heç olmasa, bir neçə epizodu etiraf edir, bunlar onu da eləmir”.

MTN polkovnikinin məhkəməsi fevralın 23-də davam edəcək.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manata dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.