‘Vüsal Ələkbərov işi’: MTN polkovniki ‘son sözü’nü deməyə hazırlaşır

Sabiq MTN-nin baş qərargahı

MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş polkovnik Vüsal Ələkbərovun məhkəməsi yekunlaşır. İyunun 2-də keçirilən məhkəmədə MTN polkovnikinə son söz demək təklif olunub. Amma Vüsal Ələkbərov hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Bundan öncə isə Vüsal Ələkbərovun vəkilləri çıxış edib. Onlar müdafiə etdikləri şəxslərin təqsirsiz olduğunu bildirərək, ona bəraət verilməsini istəyiblər.

Müdafiəçilərdən biri gileylənib ki, Vüsal Ələkbərov mütəşəkkil dəstənin üzvü olub, ona vətəndaşlardan hədə-qorxu ilə pul almaq ittihamı verilib. Amma o dəstənin kimlərdən ibarət olduğu, konkret adlar göstərilməyib.

Buna da bax:​ MTN polkovniki: 'Barəmdə həbs-qətimkan tədbiri seçmiş hakimlərin özlərini...'

Vəkillər Vüsal Ələkbərovun saxta ittihamlarla həbs edib, yaxınlarından milyonlarla pul alınandan sonra azadlığa buraxdığı iddia olunan zərərçəkmişlərdən də narazılıq edib. Bildiriblər ki, zərərçəkmişlərin ifadələrində ziddiyyətlər var. Üstəlik, həmin işlər üzrə həbs qərarlarını V. Ələkbərov yox, məhkəmələr çıxarıb.

Vəkillərin iddiasına görə, bütün bunlar MTN polkovnikinə qarşı ittihamların qurama olduğunu göstərir.

Vüsal Ələkbərovun məhkəməsi iyunun 16-da davam edəcək. Həmin gün o, son sözünü deyəndən sonra hökmü elan olunacaq. Prokuror onun 15 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': Polis rəisinin atasından 1 milyon necə alınıb?

XATIRLATMA

V. Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

V. Ələkbərovun təxminən 1 milyon 270 min manata dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi də həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

Abgül Süleymanov onun haqqında özünün həbsxana xatirələrində də yazıb: "Barəsində danışmaq istədiyim digər şəxs mənim istintaqımı aparan polkovnik-leytenant Vüsal Ələkbərovdur. Bu şəxsə Allah haqqında danışanda qulaqlarını iki əllə yumar, ‘mənim yanımda Allahdan danışma’ deyərdi".