Prezidentin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin keçmiş direktoru İbrahim Zeynalovun ailəsindən alınan 8 milyon dolların deputat Ziyad Səmədzadəyə çatdığı iddia olunur. Bunu uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, il yarımdır həbsdə olan general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış polkovnik Yasin Məmmədov sentyabrın 15-də öz məhkəmələrində deyiblər. Bu məhkəmə prosesində onlarla yanaşı, daha iki keçmiş MTN polkovniki Vüsal və Sahib Ələkbərovlar da mühakimə olunur.
8 ay MTN-in təcridxanasında saxlanandan sonra buraxılan Zeynalov müflis olub, xeyli vaxtdır ki, vaqonda yaşayır. O, MTN işində zərərçəkmişlərdən biridir. Məhkəmədə də bildirib ki, 2014-cü ildə sifarişlə həbs olunmuşdu. Ailəsindən 10 milyon istəyib, 8 milyon alandan sonra onu buraxıblar. Qohum-əqrəbası nələri varsa, satıb, onu buraxdırıblar.
Buna da bax: 'MTN işi'ndə prokurordan yeni qərar: 'Bunları kim himayə edir?'"Sifarişlə atamı tutdular, başımıza oyun açdılar"
Oğlu İlqar Zeynalov deyir ki, 8 milyonu düzəldib, televizor qutusunda MTN binasının yaxınlığında atasının işini aparan müstəntiq Yasin Məmmədova verib: "Ziyad Səmədzadənin atamla işbirliyi vardı. Onun vasitəsilə bankdan 3.5 milyon kredit götürülmüşdü. Bu pula görə atamla arası dəydi. Sifarişlə atamı tutdular, başımıza oyun açdılar. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla bu gün rayonda vaqonda yaşayırıq...".
Keçmiş müstəntiq Məmmədov da, onun rəisi olmuş Şıxəliyev də indi deyir ki, Zeynalovlar ailəsindən alınan pul deputata verilib. Hətta general Şıxəliyev çıxışında narazılıq edib ki, bu məsələ ilə əlaqədar onları ittiham edən prokurorluq niyə o pulun kimə çatdığını araşdırmayıb, Səmədzadəni dindirməyib?
"Bu məsələnin MTN-ə aidiyyəti yox idi. O pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatım vardı...", – bunu isə təqsirləndirilən polkovnik Məmmədov deyib.
Buna da bax: 'Hacı Məmmədovun dəstəsi ilə əlaqədar Usubovun həbsinə göstəriş verilmişdi...'Deputat nə deyir
Deputat Ziyad Səmədzadə isə unikal.az-a açıqlamasında 8 milyonun ona çatması haqda iddiaları təkzib edib. O, haqqında bu iddiaları səsləndirənləri "vicdansız" adlandırıb: "Bunlar hamısı qurama işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq atası Əhməd Mahmudovla münasibətim olub".
Keçmiş MTN vəzifəliləri son sözlərində bildirib ki, onları müxtəlif adamları qanunsuz həbs edib, pullarını, əmlaklarını əllərindən almaqda ittiham edirlər. Halbuki, MTN-in İstintaq Baş İdarəsində cinayət işlərinin başlanması, kiminsə haqqında həbs qərarı üçün məhkəməyə təqdimat verilməsi, şəxsin həbsdən buraxılması kimi məsələlər birbaşa Baş prokuror və birinci müavininin nəzarətində olub. Hətta belə bir qanunsuzluq olubsa belə, buna görə prokurorluq rəhbərliyi məsuliyyət daşıyır.
"Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar. Niyə eləməyiblər? Onlar istintaqda da, məhkəmədə də dindirilmədi, bu məsələlərə aydınlıq gətirilmədi", – Şıxəliyev belə deyib və ona bəraət verilməsini istəyib.
Buna da bax: MTN polkovniki: 'Qaralov, Usubov göstəriş verib, icra eləmişəm...'"Mən özbaşına idim ki..."
Təqsirləndirilən polkovnik Yasin Məmmədov da vurğulayıb ki, Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov, Mövlam Şıxəliyev olan yerdə, o, heç kim idi. Qərarları faktiki özü vermirdi, nə deyirdilərsə, onu edirdi: "Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbs olunması üçün vəsatət qaldırım? Baş Prokurorluqda müzakirə edilib razılıq verilirdi, biz də işimizi görürdük. Mən bu dövlətə canımı fəda eləmişəm. Balalarımı atasız, ev-eşiksiz qoymayın...".
Digər polkovnik Sahib Ələkbərov da sadəcə icraçı olduğunu deyir. Tələb edir ki, qanunsuz həbslərə görə onu cəzalandırırlarsa, o halda, həmin işlərdə istintaqa nəzarət edən prokurorlar, həbs qərarı çıxaran hakimlər, rəy vermiş ekspertlər də məhkum olunsun. Çünki yalnız MTN müstəntiqi heç nə edə bilməzdi.
"Mən verilən tapşırıqları icra eləmişəm. Tapşırıq verən vəzifəli şəxsin adını məhkəmə zalında ona görə çəkmirəm ki, bu məsələ mətbuatda hallanmasın. Amma yazılı şəkildə məhkəməyə təqdim edəcəm", – Ələkbərovun sözləridir.
Sentyabrın 20-də sabiq MTN-çilərə hökm oxunacaq.
Buna da bax: MTN generalının 'Sahil'in üstündəki binada 5 mənzili, 'Torqovı'da evləri...Xatırlatma
Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.
Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli işlərdə hallanıb. Məsələn, Sahib Ələkbərov şərti olaraq "Səid Dadaşbəylinin dəstəsi" adlandırılan işin istintaqını aparanlardan olub. Həmin iş üzrə təqsirləndirilənlər qanunsuz həbs olunmaqla yanaşı, həm də Ələkbərovun işgəncələrinə məruz qaldıqlarını bildirirdilər.
2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun postundan uzaqlaşdırılması, generallar da daxil olmaqla, 20-dən artıq vəzifəlinin tutulması ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.