MN: Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto

Müdafiə Nazirliyi martın 6-sı səhər saatlarında Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərinin atəşə tutulduğunu bildirir.

"Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub".
Məlumatda Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldyü və hadisə ilə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verildiyi bildirilir.
"Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır" Nazirlik bildirir.

Buna da bax: MN:Laçın rayonu istiqamətində itkin düşmüş hərbçilərin axtarışı davam edir

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Buna da bax: Niyə Ukrayna üzərində uçuşa qapalı zona yaradılmır?