Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Elmar Məmmədov həbs edilib. Onun haqqında həbs qərarı avqustun 9-da Bakı Hərbi Məhkəməsində çıxarılıb.
E.Məmmədov 659 min 442 manatı mənimsəməkdə və rüşvət almaqda ittiham olunur. Onunla bağlı cinayət işinin istintaqı Hərbi Prokurorluqda gedir.
Hərbi prokuror E.Məmmədovun istintaq dövründə həbsdə saxlanmasından - ilkin olaraq, 4 aylıq həbs qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə təqdimat verib. Məhkəmə də avqustun 9-da axşam saat 6.00 radələrində təqdimata baxaraq, onu təmin edib.
E.Məmmədov təxminən iki həftə öncə həbs edilən Rəhim Laçınovla əlbirlikdə ittiham edilir. R.Laçınov Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin rəisi olub.
Cinayət işində iddia edilir ki, E.Məmmədov 2020-ci ilin əvvəlində Mənzil-İstismar İdarəsinin rəisi olduğu dövrdə R. Laçınovla birlikdə külli miqdarda yeyintiyə yol veriblər.
E.Məmmədov özünü təqsirli bilmir, yarım milyon manatdan çox yeyinti ittihamıyla razılaşmır.
E.Məmmədov və R.Laçınova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutulub.
Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə E.Məmmədova əlavə ittiham da verilib.
Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin bundan öncəki rəisi Fikrət Mirzəyev də həbsdədir. O, Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəməyə dair cinayət işi üzrə həbs olunub. Hazırda Bakı Hərbi Məhkəməsində onun mühakiməsi davam edir.