Müsavat Partiyasının üzvü, uzun illər Almaniyada siyasi mühacir həyatı yaşamış Mehdi Xəlilbəyli 9 ay həbsdə saxlanandan sonra noyabrın 6-da şərti cəzayla azadlığa çıxıb. Səbail Rayon Məhkəməsinin hökmüylə ona, 2 il sınaq müddəti olmaqla, 3 il 2 ay 29 günlük şərti cəza verilib.
M.Xəlilbəyli 2003-cü ilin oktyabrında Azərbaycanda prezident seçkisi ilə əlaqədar etirazlar vaxtı yaşanan hadisələrə görə suçlanır. Ona Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaşlarda iştirak), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) maddələrilə ittiham verilib. Uzun illər həmin maddələrlə axtarışda olan M.Xəlilbəyli bu ilin əvvəlində Azərbaycana gələrkən, hava limanında saxlanılıb.
M.Xəlilbəylinin işində 13 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında bir neçə ildir fəaliyyəti dayandırılmış “Lider” telekanalının əməkdaşı Sahil Kərimli də var. Cinayət işinin materiallarında iddia olunur ki, 2003-cü ildə sözügedən hadisələr zamanı həmin şəxslər xəsarət alıblar.
M.Xəlilbəyli özünü təqsirli bilmir. Noyabrın 6-da hökmdən öncə son sözündə də deyib ki, 4 ay sürən məhkəmə boyunca heç kim əleyhinə ifadə verməyib: “Əgər kimsə mənim hansısa cinayətdə iştirakım barədə nəsə deyibsə, adım keçibsə, nə cəza versəniz, razıyam. Qanun qarşısında boynumuz qıldan incədir. Heç kim mənim adımı çəkməyib. Xahiş edirəm, ədalətli qərar qəbul edəsiniz”.
O, məhkəmə iclaslarından birində deyib ki, artıq Azərbaycanda yaşamaq istəyir, Almaniyadan da bu üzdən qayıdıb.
Xatırlatma
Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü olan M.Xəlilbəyli 2019-cu ildə Almaniyada qanunsuz miqrasıya hallarının təşkili (mühacir alveri) ilə bağlı araşdırmalar çərçivısində tutulmuş, 2020-ci ilin yanvarında azadlığa buraxılmışdı.
2003-cü ilin oktyabr hadisələrindən sonra Azərbaycanda kütləvi həbslər yaşanmışdı. Həbs olunanlar arasında Müsavat Partiyasının keçmiş başqanı Arif Hacılı, Ümid Partiyasının sədri İqbal Ağazadə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və digərləri vardı.